Bakıda 4 ay öncə polis tərəfindən sığınacağa gətirilən körpənin anası ortaya çıxıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, məlum olub ki, aylar öncə uşağı polislə sığınacağa gətirən qadın elə onun anası idi:
“Körpəni 4 ay öncə “rəfiqəmin uşağıdır, anası həbs olunub” deyərək polislə birgə gətirib. Öz balasını yad uşaq kimi təhvil verib. Hələ 17 yaşı yeni tamam olub. Deməli, uşaq 2 il öncə doğulanda qadının 15 yaşı olub. Hamiləlik dövrü isə 14 yaşına təsadüf edir. 14 yaşında uşaq evindən çıxıb alkoqol aludəçisi olan anasının yanına gedib, bu isə nəticəsidir. Uşaq evində böyüyən uşağın körpəsi sığınacaqda böyüyür. Uşaq isə öz anasını heç tanımır. Fotodakı acıqlı baxışlarım 17 yaşlı anaya deyil, həyata baxışımdır”.
K.Ağazadə qeyd edib ki, təəssüf doğuran məqamlardan biri odur ki, ana sığınacağa uşağı götürmək üçün gəlməyib:
“Heç uşağı geri istəyən də yoxdur. Çünki ananın özünün dediyinə görə onu qorxudublar ki, sən azyaşlısan və uşaq dünyaya gətirdiyin üçün səni həbs edəcəklər”. /oxu.az/