“Bakıda şəhər poliklinikaları iki hissəyə bölünəcək. İlkin səhiyyə xidməti aparan həkimlər bir poliklinikada, dar ixtisas həkimləri isə başqa bir poliklinikada. Bu artıq Nərimanov rayonunda tətbiq edilib”.
Medicina.az xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov məlumat verib.
O bildirib ki, bu bölgü zamanı əsas diqqət sahə prinsipinə əməl olunmasına yönələcək:
“Önəmli məsələ odur ki, sahə terapevtləri və pediatrların əlçatanlığı təmin edilsin. Bunun üçün inzibati ərazi üzərində bərabər bölgü aparılacaq. Vətəndaşlar ictimai nəqliyyatdan istifadə etmədən və ya bir ictimai nəqliyyatdan istifadə etməklə öz ailə həkiminə müraciət edə bilsin”.
Həkim bildirib ki, yerləşmə yerinə görə ASM-ə aid olmayan poliklinikalar tibb mərkəzlərinə tabe ediləcək:
“Belə poliklinikalarda dar ixtisas tibb işçiləri birləşəcək və rayon üzrə tibb müəssisələrinə tabe ediləcəklər. Səbail, Nəsimi, Yasamal rayonu ərazisində yerləşən poliklinikalarda dar ixtisas həkimləri 1 saylı Kliniki Tibbi Mərkəzə tabe ediləcəklər”.