"Dedi, elə hesab et, 1500 manata telefon almısan, xarab olub, atmısan".
Saçı tökülən, dazlaşan kişilər başda tük əkdirmək barədə düşünür. İndi saç əkdirməyin geniş yayıldığı, həkimlərin də öz işlərini sosial şəbəkələrdə reklam etdiyi və təkliflərin cəlbedici olduğu vaxtda, çox adam bu ağrılı prosedura razı olur.
Belə pasiyentlərdən biri də gənc yaşında saçla bağlı komplekslərindən qurtulmaq üçün, instagramda işlərini izlədiyi bir həkimin limitsiz saç əkimi kompaniyasına aldanır.
Medicina.az xəbər verir ki, Rüstəm Rüstəmli adlı pasiyent trixoloq həkim, saç transplantı Rəşad Əliyevi seçir.
"2018-ci ilin iyun ayında həkimin qəbulunda oldum. Belə danışdıq ki, 1500 manata limitsiz sayda saç əkiləcək. Yəni yeni saçlar boşluq olan sahə nə qədərdirsə, hamısını əhatə edəcək. Həmin ay Tədris Cərrahiyyə Klinikasında əməliyyat olundum”.
Sarğı açılandan sonra başında tükün az olduğunu, boşluqların qaldığını görən və bundan narahat olan pasiyentə həkim "4-5 aydan sonra hamısı çıxacaq, mən yeni metodla əkmişəm” deyə, arxayın edib. Pasiyent 1 ilin tamamında əməliyyatın uğursuz və effektsiz olduğunu görür və nəticəni bəyənmir.
"Belə başa düşdüm ki, limitsiz məsələsi yalan imiş, lazım olduğu qədər saç əkilməyib. Əkilənlər də çox pis oldu. Onun əkdiyi qədər saç sayı heç 500 manat etmirdi. Həkimlə yenidən danışdım, razı olmadığımı bildirdim. Pulumu tələb etdikdə isə məni get-gələ saldı. İş yerlərini dəyişdi, telefonları götürmədi, görüşdən qaçdı. Mən ondan şikayət edəcəyimi deyəndə görüşdü. Əvvəl dedi pulu verərəm, sonra dedi yox, ikinci dəfə pulsuz əməliyyat edim. Mən buna razı olmadım. Çünki bu həkim düzgün saç əkmir, təzədən ona etibar edə bilmərəm”.
Daha sonra pasiyent bu həkimdən onlarla pasiyentin narazı olduğunu, hətta həmin xəstələrin instagramda qrup yaradıb, problemlərini bölüşdüyünü, həkimdən pullarını necə alacaqlarını müzakirə etdiyini görür və bu qrupa qoşulur.
"Nə qədər adama pul borcludur. Bəzi xəstələrə hətta 200-300 manat qaytarıb. Bəzilərinə deyir ki, mən işləmirəm, qazanmıram, hardan verim? Klinikada 1 aydan artıq oturmur, yerini dəyişir. Özü də Bakı qeydiyyatı yoxdur, Gürcüstandadır. İstədiyi vaxt yoxa çıxır.
Mən yenidən əməliyyat olunmalıyam. Bunun üçün də 1700 manat lazımdır. Ona görə Rəşad Əliyev pulumu qaytarmalıdır. Belə çıxır ki, mən bir saç əkiminə ikiqat artıq pul xərcləməliyəm?”
Həkimin bir pasiyentə son sözü də maraqlı olub: "Elə bil ki, bahalı telefon aldın, xarab oldu atdın”
Rüstəm Rüstəmli hesab edir ki, belə fırıldaqçılıqla məşğul olan həkimin hələ də saç əkməyə davam etməsi və klinikalarda işləməsi təhlükəlidir və absurddur.
"Məndən sonra əməliyyat olunan bir neçə xəstə onu axtarmağa başlayıb, hamıda eyni problemdir. Bir xəstədə kanalları zədələmişdi, qanaxması olmuşdu. Eləsi var 1 ay iynə-dərman etməli oldu. Məndə keyitməni düzgün aparmamışdı deyə, baş dərimi 6 ay hiss etmədim, keyimişdi”.
Medicina.az-ın əməkdaşı həkimin telefonunu dəfələrlə yığsa da, cavab verməyib. Pasiyentlərin dediyi kimi, görünür, zənglərin onu axtaran pasiyentlərdən olduğunu güman edib telefona yaxın getmir...
Buna baxmayaraq, həkimin də mövqeyini dərc etməyə hazırıq.
Fotolar həkimin əməliyyatından nazarı pasiyentlərin əvvəlki-sonrakı şəkilləridir.