Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda elmi konfrans təşkil olunub.
"Medicina" xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d. Ceyhun Məmmədov pandemiya və postpandemiya dövründə Mərkəzi Gömrük Hospitalının uğurlu fəaliyyət göstərən tibb müəssisələrindən biri olduğunu vurğulayıb. O, elmi məlumatların paylaşılması və təcrübə mübadiləsinin təmin edilməsi istiqamətində pandemiya dövründə Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq tədbirlərin keçirildiyini vurğulayıb. C.Məmmədov çıxışının sonunda iştirakçıları müzakirə sessiyalarında aktiv olmağa dəvət edib.
Konfransın rəsmi açılış hissəsində, həmçinin Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov, ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, professor, Lalə Allahverdiyeva və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva çıxış ediblər. Spikerlər mövzu ilə əlaqəli fikirlərini bölüşərək vacib əhəmiyyətli tibbi mövzulara dair Tibbi Xidmət İdarəsi tərəfindən keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Rəsmi hissədən sonra konfransın elmi hissəsi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və professor Lalə Allahverdiyevanın moderatorluğu ilə davam edib.