Bu gün Bakıda "6 aprel Ümumdünya Fiziki Aktivlik Günü”nə həsr olunmuş festival keçirilib.
Medicina.az-ın məlumatına görə, Yasamal rayonundakı Hüseyn Cavid parkında keçirilən festival ”hərəkətSƏN” "krestivSƏN” şüarları ilə baş tutub.
Festival Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "İnkişaf naminə idman” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunan festivalda bir neçə idman bölmələri üzrə çıxışlar nümayiş olunub. Tədbirin rəsmi hissəsində səhiyyə nazirinin müavini Rahim Əliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edib.
Festivalda qeyri-infeksion xəstəliklərlə mübarizədə fiziki aktivliyin əhəmiyyəti vurğulanıb. Tədbirdə 5 orta məktəbin şagirdləri və əliliyi olan gənclər fiziki aktivliklə bağlı müxtəlif yarışlarda iştirak ediblər. Tədbir çərçivəsində futbol, akrobatika, basketbol, yüngül atletika, boks və qılıncoynatma üzrə fəaliyyətlər təqdim olunub.
Sonda iştirakçılar mükafatlandırılıb. Birinci, ikinci və üçüncü yerləri tutan məktəblər diplom, kubok və başqa hədiyyələrlə təltif olunub.