Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda məşhurların da getdiyi diş klinikasından şikayət - 1 dişə 350 manat verdi, aylardır, həkimlərdə qalıb

  • 2018.07.24 13:09
  • 12122 Baxış
Bakıda məşhurların da getdiyi diş klinikasından şikayət -  1 dişə 350 manat verdi, aylardır, həkimlərdə qalıb
Bakıda məşhur "İmplant Dent” klinikasında pasiyentin başına iş gətirilib.


Bu barədə Medicina.az-a pasiyent Pərvanə Axundova məlumat verib. O, klinikaya bir ovuz pul verməsinə rəğmən problemlə üzləşdiyini deyib.


"Mart ayında bayramqabağı dişimdə problem yarandı. Bayramla əlaqədar çox klinikalar işləmirdi. Qərara gəldik ki, internetdən stomatoloji klinikalardan birindən təcrübəsi çox olan həkimlərdən seçək. Martın 19-u "İmplant Dent” klinikasında Diana Sirovkinanın qəbuluna yazıldıq. Müayinə etdi, qərara gəldik ki, kariyesli dişlərimi müalicə edək. Elə həmin gün bir dişimin sinirini çıxardı və müvəqqəti plomb qoydu. Bundan sonra rentgen etdirib, kanalların vəziyyətinə baxdı. Hər şeyin qaydasında olduğunu dedi. Həmin gün evə getdim, problem olmadı. Sabahı, ayın 20-si gedib, müvəqqəti plombu götürüb, dişi tam plomblaşdırdı, metal ştifti bağladı, əlavə olaraq, diş daşların var deyib, onları da təmizlədi.


Bütün bu müalicəyə - sinirin çıxarılmasına 100 manat, rentgen 7 manat, ştift və plomblanmaya 50 manat, diş daşı təmizlənməsinə isə 130 manat ödədik. 

Martın 21-i səhər oyandım ki, üzüm şişib və ağrıyır. Müalicə olunan diş ağrıyırdı, iltihab başlamışdı. "İmplant Dent”ə zəng etdik, cavab verən olmadı. Bayram tətili idi. 


Bayram günü yalnız bir özəl xəstəxana işlədiyindən ora getdik. Klinikada panorama rentgen çəkildi, məlum oldu ki, müalicə olunan dişin kökündə qranulyoma – kist var imiş. Sadəcə sinir çıxarılmazdan öncə həkim bunu nəzərə almalı idi. 


Stomatoloq dedi ki, belə vəziyyətdə dişi çəkmək olmaz, kanalları da açmaq olmur, çünki ştift ilə bağlanıb. Bunu da öz həkiminiz etməlidir. 


İltihabi prosesləri saxlamaq üçün antibiotik təyin olundu. Mənim isə südəmər uşağım var idi. Bu mənim üçün çox ağır olardı.  

 


Müayinədən sonra "İmplant Dent”ə zəng etdik. İş günü olmadığından, qəbuldakı xanımdan Diana Sirovkinanın şəxsi nömrəsini alıb, əlaqə saxladıq. O bizə dedi ki, problem həmin dişlik deyil, ola bilsin damağındadır. Yazdı ki, rentgenlərdə səhv ola bilir, çox güman ki, müalicə etdiyi diş yox, yanındakında problem var. Biz Diana həkimə işinə məsuliyyət göstərib, işə gəlib, bizi qəbul etməyinizi xahiş etdik. O isə imtina etdi ki, bayramdır. Dedi, hələ sübut etmək lazımdır ki, problem hansı dişdədir”. 


Bundan sonra "Semaşko”ya üz tutan pasiyentin yanağı və damağında kəsik qoyulub və iltihab azaldılıb: "Bu dişdən tez xilas olmaq üçün axşam "Semaşko”ya getdik. Yanaq və damaqda iki kəsik apardılar, iltihab azaldı. Həkim də problemin həmin dişdə olduğunu təsdiqlədi. 


Ayın 23-ü üzüm yenə şişdi, iltihab davam edirdi. Yenə "Semaşko”ya getdik. Bu dəfə güclü antibiotiklər yazdılar. Dərmanları qəbul etməli oldum. 

Bayramdan sonra əlimizdəki tibbi sənədlərlə "İmplant Dent”ə getdik. Müalicə edən həmin həkim üzə çıxmadı. Baş həkim məsuliyyətsiz işçisinə görə üzr istədi və bizə pulu geri qaytardılar. Onların "Facebook” səhifəsində etirazımı yazdıqda isə şərh bölümünü bağlayıb, məni "qara siyahı”ya atdılar”. 

 

...


P. Axundova qeyd edib ki, o, həmin dişinə görə hələ də müalicə alır: "Günü bu gün mən həmin dişimə görə həkimlərdəyəm. Dişin kökü haymor boşluğunda olduğundan diş çıxanda çox güman ki, haymorit olacam. Yenə də antibiotik lazım olacaq və bu ziyan mənə, uşağıma dəyəcək. Bunlar hamısı bir həkimin qeyri-peşəkarlığı, məsuliyyətsizliyi ucbatındandır. Adi bir plomb qoydurmaq mənə 500 manat ziyan vurdu. Mənəvi zərbə, stress və əsəbin isə dəyəri pulla ölçülmür. Məsələ ilə bağlı məsləhət gördülər ki, Səhiyyə Nazirliyinə müraciət edim. Amma bilmirəm bu nə dərəcədə effektiv olacaq. Həm də artıq kifayət qədər səhhətimə ziyan dəydi. Bundan sonra nə dəyişəcək?”


"İmplant Dent” klinikası ilə bağlı internetdə balaca bir araşdırma apardıqda məlum olur ki, klinika kifayət qədər məşhurdur. Klinikanın pasiyentləri arasında hətta məşhur şəxslər də var.