Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda kuryoz: Təcili yardımın kardioqramma kağızı olmadı: tibb bacısını stansiyaya göndərdi

  • 2022.01.14 17:56
  • 3891 Baxış
Bakıda kuryoz: Təcili yardımın kardioqramma kağızı olmadı:   tibb bacısını stansiyaya göndərdi

Bakının Nizami rayonunda, Xalqlar dostluğu ərazisində təcili yardım çağıran vətəndaş normal tibbi yardım ala bilməyib.

Belə ki, çağışa 1 saat 30 dəqiqəyə gələn təcili yardım briqadası xəstənin kardioqrammasını çıxarmaq istəyəndə aparatda kağız olmadığı məlum olub.

Medicina.az xəbər verir ki, Cəmilə M adlı xanım hipertonik kriz keçirən həyat yoldaşı üçün gələn təcili tibbi yardımın yarıtmazlığından şoka düşüb.

“Həyat yoldaşımın stresdən təzyiqi yüksəldi, hipertonik kriz keçirdi. Təcili yardıma dəfələrlə zəng etdim, xəstənin ağır vəziyyətdə olduğunu bilsələr də, boş maşın indi yoxdur deyib, 1 saat 30 dəqiqəyə gəldilər. Bunu anlayışla qarşıladım ki, xəstə çoxdur, kovidli xəstə daşıyırlar, test götürürlər.

Onlar gələnə kimi təzyiqi salmağa çalışdım, həkimlərlə məsləhətləşdim, əlamətlərə görə ürəyinin yoxlanması vacib idi. Çünki yoldaşım ürəyinin ağrıdığını deyirdi.

Təcili yardım həkimi kardioqramma etmək istəyəndə məlum oldi ki, mini aparatın lent kağızı yoxdur, həkim tibb bacısını stansiyaya kağız ardıyca göndərdi. Ərim isə ağappaq, əlləri, üzü tərləyir, döş qəfəsi yanır, gözləri yarıaçıq.

Həkim mənə deyir ki, belə ümumi baxanda infarkta oxşamır, sizə indi iynə vursaq təzyiq lap enəcək. Ona görə vurmuram.

30 dəqiqəyə tibb bacısı qayıdır və kardioqramma çəkilir. Həkim lentə baxıb, heç nə demədən, onu çəkib whatsapla kiməsə göndərir. Nə soruşsaq da cavab vermir. 10 dəqiqə sonra kimsə ona cavab yazır, deyir ki, yox infarkt deyil, ciddi bir şey yoxdur.

Bu vaxt mən həmin lenti çəkib səhər kardioloqa göstərmək istədiyimi bildirirəm, həkim həmin lenti tez qatlayıb vermir və deyir ki, onda yenidən kardioqramma çəkək. Yenidən yoldaşımın ürəyini yoxladı,ikinci lenti çəkməyə icazə verdi. Mən bilmədim ki, birinci çəkim düzgün idi, niyə vermədi. Dünən təcili yardımla yaşadıqlarımdan şoka düşmüşdüm.

Xəstəyə konkret olaraq heç bir yardım olunmadı. Səhəri dirigözlü açıb, hospitala getdik, yoxlandıq. Məlum oldu ki, hipertonik kriz keçirib. Belə çıxır ki, biz doğmalarımızı özümüz xilas etməyi öyrənməliyik və Bakı şəhərinin mərkəzində normal təcili yardım gözləmək ağılsızlıqdır”.