Bir ay əvvəl səhhətində kəskin ağırlaşma səbəbindən müxtəlif xəstəxanalara müraciət edən, lakin COVID-19 testi müsbət çıxdığı üçün imtina verilən hamilə qadın ən son anda Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Medicina.az xəbər verir ki, gətirilərkən kritik ağır vəziyyətdə olan ana və övladdan yalnız birinin sağ qalma ehtimalı olub. Həmin dövrdə ağır koronavirus keçirən, şok vəziyyətində olan ana süni nəfəs aparatına qoşulub və erkən doğuşa qərar verilib. Olduqca riskli əməliyyat nəticəsində 28 həftəlik bir qız övladı doğulub. Lakin körpənin vəziyyəti kritik ağır olub və ağciyərləri açılmayıb.
Qeyd olunub ki, körpə 3 gün ağciyərin süni ventilyasiya aparatında saxlanıldıqdan sonra müsbət dinamika müşahidə edilib və o, CPAP aparatına qoşulub. 8 gün müddətində bu aparatda qalan körpənin vəziyyəti təxminən 2 həftədən sonra normallaşıb və nazal oksigen terapiyasına keçilib. Hazırda vəziyyəti yaxşıdır, çəkisi bərpa olunur və ana südü ilə qidalanır.
Körpənin atası Fariz Alıyev bu proseslərin özəl xəstəxanada olmasını istədiklərini bildirib: "Buna görə də bir neçə özəl klinika ilə danışdım. Hətta bunun üçün məndən 30 000 manat depozit istəyən də oldu. Amma yoldaşımın vəziyyətinin ağır olduğunu bildikdən sonra onlar müalicəni öz üzərilərinə götürməkdən imtina etdilər. Mərkəzin həkimləri isə məni əmin etdilər ki, yoldaşım və qızım əmin əllərdədir. Çox şükür ki, bu gün həm qızım, həm də yoldaşım tam sağlamdırlar".
F.Alıyev bütün xərclərin icbari tibbi sığorta vasitəsi ilə qarşılandığını deyib. O, Kliniki Tibbi Mərkəzin kollektivinə dərin təşəkkürünü bildirib.