Bakıda Rəhman Abbaszadə adlı vətəndaş uşağına ASAN xidmətdə vəsiqə alarkən qan qrupunda uyğunsuzluq görüb.
"Medicina" xəbər verir ki, “Qafqazinfo”ya açıqlamasında Rəhman yanlışlığın Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qeydə alındığını bildirib.
Belə ki, 2022-ci ilin iyul ayının 31-də dünyaya gələn körpəyə müsbət rüzuslu I qan qrupu təyin olunsa da, sonradan bunun doğru olmadığı ortaya çıxıb.
Valideynlər iddia edirlər ki, övladlarının müsbət rezuslu III qan qrupuna aid olduğu sonradan müəyyənləşib.
Qan qrupunun yanlış təyin olunduğu isə “ASAN xidmət”ə vəsiqə almaq üçün getdiklərində məlum olub.
Atanın sözlərinə görə, xəstəxanaya irad bildirsələr də, biganə yanaşılıb:
“ASAN xidmət”də 2 dəfə analiz verildi və məlum oldu ki, səhvlik xəstəxanaya aiddir. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu isə bizə laboratoriyada analizlərin qarışıq düşdüyünü çox rahat şəkildə dedi.
Həkim Cahan İslamovaya normal doğuş üçün 400 AZN ödəniş etmişik, lakin indi boynuna almır və problem həll edilmir”.
Məsələ ilə bağlı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna sorğu göndərdik.
6 nömrəli doğum evi uşağa O (I) RH + qan qrupunun təyin olunduğunu təsdiqləsə də, iddianı tam əsaslı saymayıb:
“Qeyd olunan tarixdən 1 il 7 ay müddət keçdiyinə görə, uşağın qan nümunəsi laboratoriyada mövcud deyil. İddianın əsaslı və əsassız olduğu haqqında hər hansı fikir səsləndirmək qeyri-mümkündür”.
Qeyd edək ki, Azərbaycanda qan qrupu ilə bağlı bu ilk hal deyil. Dəfələrlə yenidoğulmuşlara təyin olunan rezus faktor sonradan başqa rezusda çıxıb.