Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda koronavirus xəstələri üçün oksigen generatoru quruldu

  • 2020.07.11 10:45
  • 1469 Baxış
Bakıda koronavirus xəstələri üçün oksigen generatoru quruldu

Koronaviruslu xəstələrin müalicəsinə ayrılan Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb.

Tibb Universitetindən medicina.az-a verilən məlumata görə, bu qurğu COVİD-19 xəstələrinin müalicəsi üçün çox əhəmiyyətlidir. Generator bu gün işə salınaraq klinikada yatan xəstələri keyfiyyətli və fasiləsiz oksigenlə təmin etməyə başlayıb.

Generatorun işə salınma prosesini Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də izləyib. Rektor bu qurğunun pandemiya dövründə xüsusilə önəmli olduğunu qeyd edib.

Klinikanın direktoru, professor Surxay Musayev generatorunun iş prinsipi haqqında məlumat verib:
“Klinikamız üçün ayırılmış “EKOMAK” və “MEDİSAM” generatorları saatda 35 kub metr oksigen istehsal etmək imkanına malikdir. Generator indiki pandemiya dövründə klinikanın keyfiyyətli oksigenə tələbatını tam ödəyir.
COVİD-19-a yoluxmuş xəstələr əsasən ağciyər patalogiyalarına düçar olduğu və ağciyərlər zədələndiyi üçün bu xəstələrin oksigen təminatına ciddi ehtiyac olur. Bunun üçün bir gün ərzində klinikaya 100-150 oksigen balonu gətirilirdi və xəstələrin oksigen təchizatı təmin edilirdi. Oksigen balonlarının bir qismi Sumqayıt, bir qismi isə Bakıda olan müəssisələrdən alınırdı. Bəzən fasilələrin yaranma təhlükəsi olurdu ki, bu da böyük çətinliklər yaradırdı. İndi isə generatorun quraşdırılmasından sonra klinika oksigenə olan tələbatını ən keyfiyyətli oksigenlə tam təmin edəcək.

Klinikanın oksigen generatoru ilə təchiz edilməsi bizim və kollektivin çoxdankı arzusu olsa da, müəyyən maliyyə çətinliklərinə görə mümkün olmurdu. Bu gün isə belə bir yüksək istehsal gücünə malik oksigen generatoru klinikamızın istifadəsinə verildi".

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində yayımlanıb.