Bakı apteklərində koronavirusun gündəmə gətirdiyi daha bir vacib inyeksiya – qandurulducu və tromba qarşı olan Kleksan preparatı qəhətə çıxdı.
Medicina.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə hamilələr həyəcanlı statuslar paylaşaraq, bu dərmanı ala bilmədiklərini yazır.
Kleksan hamilələrdə tromba və qatılaşmaya qarşı vacib dərmanlardan biridir, təhlükədə olan hamiləyə vaxtında vurulmasa hamiləlik pozulur.
Digər tərəfdən Kleksan koronavirus xəstələrinə də təyin edilir. Antikoaqulyant olan Kleksan daha çox MDB dövlətlərində koronavirus xəstələrinin göbək nahiyəsinə vurulur. Bütün həkimlər xəstəxanada və evdə müalicə olunan xəstələrə trombozlaşma və qanda qatılaşma olmaması üçün bu iynəni təyin edir. Koronavirusdan özbaşına müalicə alanlar da bu iynəni evdə istifadə edir.
Halbuki Kleksan ciddi preparatdır, qanaxma riski yaradır, yalnız həkim təyinatı və xüsusi analizlərdən sonra vurulmalıdır. Digər ölkələrdə belə preparatları yalnız tibb bacısı və yalnız stasionar şəraitdə xəstəyə vururlar.
Hazırda günə 2000 insanın koronavirusa yoluxduğunu nəzərə alsaq, hər koronavirus ailəsi dərhal lazım olandan da artıq dərman ehtiyatı alır.
Bu baxımdan Kleksana ehtiyac duyan digər həyati təhlükəli məqamda olan xəstələr dərmansız qalır. Eləcə də yaralı əsgərlərə də bu dərman xüsusilə həyati göstərişdir.
Səhiyyə Nazirliyi və Təbib təcili olaraq ölkədə antikoaqulyant ehtiyatını artırmalı, nəzarətə götürməlidir.