Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda hamilə qadının bətnindəki körpə əməliyyat edildi - Həkimlərdən açıqlama

  • 2019.07.01 15:50
  • 19470 Baxış
Bakıda hamilə qadının bətnindəki körpə əməliyyat edildi  - Həkimlərdən açıqlama
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında hamilə qadının bətnindəki uşaq (döl) üzərində mürəkkəb əməliyyat icra olunub.

 

Medicina.az xəbər verir ki, klinikanın ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə görə, digər klinikalarda xəstəyə hamiləliyi sonlandırmağı məsləhət görsələr də, qadın buna razı olmayıb. Yalnız ATU Tədris Cərrahiyyə Klinikasında bətndəki dölü əməliyyat etməyə razılıq verilib.


T.Canbaxışovun sözlərinə görə, pasiyent klinikaya hamiləliyin 31 həftəliyində müraciət edib. Daha öncəki müayinələr zamanı xanımın bətnindəki uşağın döş qəfəsinə mayenin yığıldığı aşkarlanıbmış: "Döş qəfəsinə maye yığıldığı üçün ürək sıxılırdı. Bu, ürəyin fəaliyyətinə mane olduğu üçün dölün bütün bədənində ödəm inkişaf edirdi. Bİr neçə tibb müəssisələrində hamiləliyin sonlandırılmasını tələb etsələr da, ailə belə bir qərarla razılaşa bilmirdi”.


ATU Tədris Cərrahiyyə Klinikasında döldən genetik analiz götürülüb və nəticədə uşağın sağlam olduğu dəqiqləşdirilib. Bundan sonra əməliyyat planlaşdırılıb. Həkim deyir ki, adətən döş qəfəsinə mayenin yığılmasının səbəbi ağciyərlərin üstünü örtən selikli qişanın gec inkişafı ilə əlaqələndirilir. Əgər zamanında yardım göstərilməzsə, döl ürək çatışmazlığından tələf olur. Odur ki, dölün əməliyyat olunmasına qərar verilib.


T.Canbaxışov bildirir ki, əməliyyat hamiləliyin 32-ci həftəliyində aparılıb. Ümumi anesteziya altında ana bətninə daxil olunub və dölün döş qəfəsinə stend taxılıb. Bu stend ağ ciyərin ətrafındakı mayenin uşaqlıq boşluğuna axmasını təmin edib. beləliklə, ürəyin fəaliyyəti bərpa olunub.


Hamiləliyin 36-cı həftəsində keysəriyyə əməliyyatı ilə dünyaya gəlib.


Keysəriyyə əməliyyatından dərhal sonra yenidoğulmuşu nəzarətə alan neonatologiya şöbəsinin müdiri, həkim Aygün Rüstəmxanlı ana bətnində əməliyyat olunan körpənin sonrakı nəzarət və müalicəsinin spesifikliyindən danışdı.


"Turab Canbaxışov bizi öncədən xəbərdar etmişdi ki, ana bətnində şunt qoyulmuş körpə doğulacaq, bu körpədə ağciyərlərlə, tənəffüslə bağlı problem yaşanıla bilər, ona görə komanda hazır olsun.


Mən birbaşa əməliyyat otağında oldum, körpə doğulan kimi inkubasiya edib, süni tənəffüs aparatına qoşuldu və küvezə yerləşdirildi. 1 gün aparatda qaldı və tənəffüsü bərpa edildi. Təbii ki, belə nadir və çətin vəziyyətlərdə klinikada müasir avadanlıqların olması da böyük rol oynayır. 


Körpəmiz 2 həftə müvafiq müalicə aldı, müayinələr olundu və tam sağlam şəkildə ailəsinə təhvil verildi. Uşaq böyüdükcə tənəffüs sistemində heç bir problem olmayacaq”. 


Belə problemləri olan körpələr 3 –cü səviyyəli neonatalogiya şöbəsi olan xəstəxanada doğulmalıdır. Həkim qeyd etdi ki,  körpə ana bətnindən keysəriyyə ilə çıxarıldığı  dəqiqələrdə aparata qoşulmalıdır.  İlk 2 dəqiqə çox əhəmiyyətlidir.


Bakıda hamilə qadının bətnindəki körpə əməliyyat edildi  - Həkimlərdən açıqlama