Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 ̶ Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq Agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Medicina.az xəbər verir ki, , AQTA əməkdaşları 1003 ̶ Çağrı Mərkəzinə daxil olan şikayət əsasında Bakı şəhəri, Nəsimi rayonu, R.Zorge küçəsi, 20/22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Lalə Əziz qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçiriblər.
Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkar olunub. Müəyyən edilib ki, ümumi sahəsi 35-40 m2 olan müəssisədə kustar üsulla çörək istehsalı, satışı və daşınması həyata keçirilir. Müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir.
Yoxlama zamanı məlum olub ki, çörək istehsalı müəssisəsində temperatur və rütubət rejiminə riayət olunmur. Un anbardakı taxta altlıqların üzərində, birbaşa divarla məsafə gözlənilmədən yığılıb saxlanılır. İstifadə olunan kustar üsulla hazırlanmış işçi masaların, çörək yığılan rəfin səthləri lazımi qədər hamar və dezinfeksiya üçün əlverişli deyil.
Müəyyən edilib ki, müəssisədə istifadə edilən sobanın, işçi masaların, araba və listlərin, qabların, alət və ləvazimatların, çörək yığılan rəfin istismar müddəti keçib, onların təmizlənməsi, dezinfeksiyası da normalara uyğun aparılmır.
İstehsal müəssisəsində unun yoğurulması, xəmirin mayalanması, bişirilməsi, hazır məhsulun rəfdə yığılması və satışı eyni bir sahədə aparılır. Bu da qida təhlükəsizliyi baxımından istehsal olunan çörəyin fiziki, kimyəvi və mikrobioloji çirklənməsinə səbəb olur.