Tədbirdə Gəncə, Sumqayıt, Naxçıvan və ölkənin digər bölgələrindən təqribən 300 travmatoloq və ortoped, habelə Rusiya, Türkiyə və İsraildən dəvət olunmuş mütəxəssislər iştirak ediblər.
Medicina.az xəbər verir ki, Səhiyyə nazirinin müavini Rəhim Əliyev çıxış edərək bildirib ki, son vaxtlar səhiyyə sisteminin idarə edilməsinin təkmilləşdirilməsinə, tibbi müəssisələrin maddi-texniki bazasının genişləndirilməsinə, yeni tibbi texnologiyaların tətbiqinə yönəlmiş tədbirlər həyata keçirilir. Tibbi kadrların, o cümlədən travmatologiya və ortopediya üzrə mütəxəssislərin hazırlanması sahəsində ciddi uğurların qazanılması vurğulanıb.
Səhiyyə Nazirliyinin baş travmatoloqu, Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İlqar Qasımov bildirib ki, ikigünlük konfrans zamanı mütəxəssislərin travmatologiya və ortopediyanın aktual problemlərinə, travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektlərinə, travmatologiya və ortopediyada innovativ texnologiyalara (osteosintez, endoprotezləşdirmə, artroskopiya və s.), bud-çanaq oynağının protezləşdirilməsi (artroplastika), sümük onkologiyası, dayaq-hərəkət sistemi xəstəliklərində şüa diaqnostikasına dair məruzələri dinlənilib.
Tədbirdə Azərbaycan və xarici ölkə mütəxəssisləri "Diz oynağı endoprotezi dizaynının müasir tendensiyaları” (professor Andrey Kaminski – Rusiya), "Onurğa cərrahiyyəsinin additiv texnologiyaları” (professor Aleksandr Kuleşov – Rusiya), "Əl cərrahiyyəsində yeniliklər” (professor Fikrət Qafarov, A.Abdullayev, Q.Babayev, R.Ruindej, A.Məmmədova – Azərbaycan), "Diz artroplastikası: turniket və turniketsiz?” (professor İlqar Qasımov, N.Məmmədov, S.Quliyev, A.Ələkbərov - Azərbaycan) və başqa məruzələrlə çıxış ediblər.