Yanvarın 26-da Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Türk Ortopedi və Travmatoloji Kafedrasının və Kalça-Diz Artroplastika Dərnəyinin (KADAD) birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “22-ci Təməl Artroplastika Kursu”nun açılış mərasimi olub.
"Medicina" xəbər verir ki, tədbirdə çıxış edən ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov kursu Azərbaycan Travmatologiya və Ortopediya Cəmiyyətinin böyük uğurunun bir göstəricisi kimi dəyərləndirib. Prorektor bildirib ki, müasir dövrdə səhiyyənin ən vacib istiqamətlərindən biri də diz-oynaq artroplastikasıdır. Azərbaycanda diz-oynaq əməliyyatları son illərdə 3 dəfədən çox artıb.
Artroplastika kursunda aktual problemlərə dair maraqlı məruzələrin dinləniləcəyini söyləyən Rauf Bəylərov çıxışının sonunda tədbir iştirakçılarına universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
Kursun həmsədri, professor Eldar Abbasov ATU-nun Travmatologiya və ortopediya kafedrasının KADAD ilə əvvəllər də birgə tədbirlər keçirdiyini xatırladaraq vurğulayıb ki, bu günkü kursun əhatə dairəsi daha genişdir. O, diz və böyük oynaqların artroplastikası, süni oynaqlarla əvəz edilmənin daim təkmilləşdiyini diqqətə çatdırıb. Eyni zamanda KADAD-ın ölkəmizdəki xidmətlərindən məmnunluqla söhbət açıb və qardaş Türkiyədə təhsil alaraq artroplastika sahəsində uğurla çalışan ortopedlərimizə tövsiyələrini verib.
Tədbirdə Kalça-Diz Artroplastikası Dərnəyinin sədri, kursun həmsədri, professor Emre Toğrul da çıxış edərək bildirib ki, bu kurs xüsusən bud-çanaq və diz oynaqları artroplastikası üzrə təlim almaq istəyən gənc həkimlər və biliklərini yeniləmək istəyən mütəxəssis ortoped-travmatoloqlar üçün təkcə nəzəri biliklər verməklə məhdudlaşmır. Həm də maket sümüklər üzərində praktik tətbiqlərlə onların bilik və bacarıqlarını yeniləmək məqsədi daşıyır. Qeyd olunub ki, kurs iştirakçılarına artroplastika üzrə təcrübəli mütəxəssislərin töhfələri ilə həm dəyirmi masa arxasında, həm də təqdimatlarda praktik və nəzəri müzakirə imkanları yaradılacaq.
Açılış mərasiminin sonunda Azərbaycanda ortoped və travmatoloqların yetişməsində böyük xidmətləri olan türkiyəli professorlar İlker Çetin, Emre Toğrul və Rəmzi Tözünə plaketlər təqdim olunub.
Aygün M