Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda apteklərdə maskalı İngiltərə oyunu - Jurnalist başına gələnləri yazdı

  • 2020.04.04 14:46
  • 6512 Baxış
Bakıda apteklərdə maskalı İngiltərə oyunu  - Jurnalist başına gələnləri yazdı
"Sosial şəbəkələrdə bəzi şəxslər "artıq apteklərdə maska satılır" xəbərini yayırlar. Bunu dəqiqləşdirmək üçün yenidən üz tutdum şəhərdəki apteklərə. Əvvəlcə yaşadığım ərazidə -"Memar Əcəmi" metrosunun yaxınlığında olan apteklərə üz tutdum. Amma bu dəfə də heç bir aptekdə maska tapa bilmədim. Son girdiyim aptekdə əczaçı "bizdə yoxdur amma aşağıda dərzi var, o hazırlayıb satır"- dedi. Xanımın sözü ilə aşağı düşüb, dərzinin yanına getdim.

Dərzinin yanına getdim Ağzımı açmamış "nə qədər maska lazımdır?", - deyə soruşdu. Adam sanki startda dayanıb, müştəri gözləyir... Maskaya baxım, sonra qədərini deyərəm - dedim. Qısacası dərzi maskanı gətirdi, baxdım. Adi parçadan hazırlanmış maskalar idi. Qiyməti isə, nə az, nə çox, bir manat idi... Bəli, dərzi də maska qıtlığından istifadə edib, qiymət "oxuyur"".

Medicina.az xəbər verir ki, bu sözləri jurnalist Mahir Ələkbərov sosial şəbəkədəki hesabında yazıb.

Jurnalist bildirib ki, onun "Niyə fürsətdən istifadə edib belə baha satırsınız" sualına dərzi "özüm bilərəm, alırsan al, almırsan da ki, çıx get", - cavabı verib:

"Amma onu da deyim ki, şəhərdə artıq bir çox insan ev üsulu ilə marladan və ya parçadan hazırlanmış "maska"lardan istifadə edir. Belə "maska"ların isə nə dərəcədə etibarlı olduğu, sual altındadır!"

M.Ələkbərov daha sonra maska tapmaq ümidi ilə "20 Yanvar" metrosu ətrafına gəlib:

"Orada da bütün apteklərə girdim, maska tapa bilmədim. Qarşılaşdığım bir-iki nəfər maska axtardığımı bilib, "qardaş, bir az qabağa gedin, orada "Ozon" aptek var, həmin aptekdə maska var, amma qiyməti bahadır" - dedilər. Mən də üz tutdum həmin deyilən aptekə. İçəridə 10-a yaxın adam vardı, hər kəs də maraqla nəyəsə baxırdılar. Diqqətimi çəkdi, mən də yaxınlaşıb baxmaq istədim. Yaxınlaşanda hər kəsin qiyməti "od tutub yanan" maskalara baxdığını, qiyməti ilə maraqlandığını gördüm.
Əczaçı xanımdan maskanın neçəyə olduğunu soruşdum. Eşitdiyim qiymət məni şoka saldı. Deməli, iki fərqli formada olan maskanın biri 16, biri də 22 manat idi. Bəli, nə az, nə çox düz 22 manat. Xanımdan bu maskaların belə baha olmasının səbəbini soruşdum, o da " İngiltərədən gəlir, ona görə bahadır", - dedi.
"Bu maskaları İngiltərədən sizə kim gətirir" sualına isə əczaçı " onu mən bilmərəm, müdiriyyət bilər", - cavabını verdi. Lakin həmişə olduğu kimi, bu dəfə də müdiriyyət aptekdə yox idi!


Qısacası, "qızıl qiymətinə" satılan maskaları hardan və kimdən aldıqları ilə bağlı suallarım cavabsız qaldı...



Əlqərəz, bu gün də maskasız qaldım. Əslində, təkcə mən yox, mənim kimi bütün maska tapmaq eşqi ilə aptekləri qarış-qarış gəzən hər kəs. Çünki bizim 16-22 manata maska almağa "duxumuz" çatmır!.."