Respublika Müalicə Diaqnostika Mərkəzinə müraciət edən valideyin övladının gözündə problem olmasından şübhələnib. Maraqlısı odur ki, qadın uşağı telefonla çəkərkən şəkillərdən gözdə anormallıq görüb.
Medicina.az xəbər verir ki, müraciət edərkən şikayətlər leykokoriya ("pişik gözü refleksi"), mikroftalmiya (gözün anomal inkişafı: göz almasının normadan kiçik ölçüdə olması) və görmə zəifliyi (bunu körpə hissə etməsə də, valideynlərin diqqətindən yayınmayıb) ilə bağlı olub.
Qeyd edilən əlamətlərlə müşahidə edilən retinoblastoma xüsusilə uşaqlarda rast gəlinən gözün retinasının şiş xəstəliyidir. Şiş əksər hallarda gözün birində əmələ gəlir. Amma bəzi hallarda hər iki gözdə də baş verə bilər.
Retinada bir törəmə olaraq yaranan bu xəstəlik hətta mobil telefonla aşkar edilə bilər. İşıqlı fotolarda uşaqların göz bəbəyində görünən bəyaz parlaqlıq sayəsində uşağın retinablastoma olub-olmadığını müəyyən edə bilərsiniz. Yenidoğulmuşun kataraktası və kongenital persistan vitreus kimi digər patologiyalar da leykokoriyaya səbəb ola bilər.