Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda 61 yaşlı qadında nadir "sınıq qəlb sindromu" aşkarlandı - Ürək parçalanmasının əlamətləri

  • 2019.07.01 18:06
  • 8305 Baxış
Bakıda 61 yaşlı qadında nadir "sınıq qəlb sindromu" aşkarlandı -  Ürək parçalanmasının əlamətləri

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Təcili tibbi yardım bölməsinə müraciət edən 61 yaşında qadının ilk şikayətləri emosional fonda yaranan və epiqastral nahiyədən başlayıb çənəyə qədər yayılan küt ağrı olub.


Xəstə şikayətlərinin kəskin başladığını, heç bir dərman preparatı qəbul etmədiyini və yanaşı olaraq müalicə almadığı hipotireoz xəstəliyinin olduğunu qeyd edib.


Medicina.az xəbər verir ki, xəstənin klinikasını, EKQ (ST seqmentin elevasiyası), EXO (apikal anevrizma, atım fraksiyası çox enmiş) və laborator müayinələrin (Troponin 5.93 nq/ml) nəticələrini nəzərə alaraq, xəstəyə Kəskin Miokard İnfarktı şübhəsi ilə koronar angioqrafiya müayinəsi icra olunub.


Koronar angioqrafiya müayinəsində koronar arteriyaların normal olduğu aşkarlanıb. Eyni zamanda aparılan Sol ventrikuloqrafiya müayinəsi zamanı xəstədə nadir rast gəlinən Takotsubo kardiomiopatiyası sindromu, digər adı "ürək parçalanması”, "sınıq qəlb sindromu” olan xəstəlik aşkarlanıb.


İnvaziv kardioloq Şahin Xəlilov və həkim-kardioloq Rauf Səmədov tərəfindən vaxtında qoyulmuş diaqnoz və düzgün təyin edilmiş müalicə nəticəsində xəstə qısa müddət ərzində normal vəziyyətinə qayıda bilib.


Stress mənşəli kardiomiopatiya və ya takotsubo kardiomiopatiyası sol mədəciyin orta və xüsusilə zirvə hissəsinin tamamilə geri dönən tranzitor hərəkət qüsuru (hipokinez və ya akinez) ilə xarakterizə olunan ürək çatışmazlığı sindromudur.


Takotsubo sindromundan əziyyət çəkən xəstələrdə döş qəfəsində ağrılar və nəfəs darlığı ilə müşayiət olunan sarsıntı təkcə qorxu və kədər deyil, güclü sevinc hissinin yaşandığı anlarda da baş verə bilər. Kardiomiopatiyanın bu növündə ürək mədəcəyinin zirvəsində şarabənzər genişlənmə müşahidə olunur. Xəstəliyin əmələ gəlməsində ən mühüm amil emosional və ya psixi stresdir. Kişilərlə müqayisədə daha həssas olmaları, qadınların 90% hallarda xüsusən menopauzadan sonra, 60-70 yaşında "sınıq qəlb sindromu"na tutulma ehtimalını artırır.


Vaxtında qoyulmuş düzgün diaqnoz və müalicə ilə xəstələrdə 96% halda tam bərpa müşahidə olunur.