Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakı zirzəmilərinin “İvanovka şoru”: bazarı mafiozlar cənginə alıb

  • 2019.10.28 09:52
  • 29646 Baxış
Bakı zirzəmilərinin “İvanovka şoru”:  bazarı mafiozlar cənginə alıb

Mağazalarda "İvanovka”,
"Slavyanka”, "Şamaxı” və "Qəbələ” adı altında müxtəlif qatqılı ağartı
məhsulları satılır onların tərkibində insan həyatına təhlükə yaradan
konservantların olduğu deyilir...


El arasında bir söz var: nəyinsə şorunu-şitini çıxarmaq. Yaxud
hansısa malın çox ucuz olduğunu izah etmək istəyəndə deyirik ki, filan
məhsul şor qiymətinədir. Amma indi bazarlarda heç şor da şor qiymətinə
deyil - baxmayaraq ki, Azərbaycan insanı həmişə kənd pendiri, kənd şoru,
kənd qatığı axtarışındadır. İllah da son vaxtlarda təbii nemətləri
"əldə çıraq gəzirik”.


 


 


Çünki bazarları kimyəvi tərkibi olan, müxtəlif qatqılı
məhsullar cənginə alıb. Əhaliyə təbii ağartı adı ilə satılan kəsmik,
şor, pendir, qaymaq və s. məhsulların tərkibində nələr olub-olmadığı
məlum deyil. Hazırda hər birimiz marketlərdə "İvanovka şoru”, "Şamaxı
şoru”, "Slavyanka şoru”, "Qəbələ şoru” markası ilə satılan məhsullara
rast gəlirik. Bu adlarda qaymaq və s. ağartı məhsulları da var.


 


 


 


 


 


 


Ancaq  bu günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
tərəfindən Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Muradov
Elxan Mürşüd oğluna məxsus süd məhsulları istehsalı sexində aparılan
yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulması
faktları aşkar edilib. Belə ki, məhsulun markalanmasında "İvanovka”
coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və
hüquqlarının pozulması faktı üzə çıxıb. Bu da azmış kimi, sexdə
sanitar-gigiyena və texniki normativ aktların tələblərinə əməl
edilmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə edilməklə süd
məhsullarının istehsalının həyata keçirildiyi aşkarlanıb. Emal
prosesində qəbul edilən xammal və yarımfabrikatların təhlükəsizlik və
keyfiyyət göstəricilərinin yoxlanılmadığı müəyyən olunub. Eyni zamanda,
xammal və yarımfabrikatların mənşəyi ilə bağlı heyvandarlıq
təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlərin olmadığı da
aşkarlanıb. Müəssisədə sanitar gigiyenik tələblərə riayət olunmadığı və
məhsulda kif göbələklərinin inkişafının qarşısının alınması, həmçinin
saxlanma müddətinin artırılması məqsədilə istehsal prosesi zamanı
texniki normativ aktların tələblərinə zidd olaraq, insanın həyat və
sağlamlığına təhlükə yarada biləcək E 235 "Pimarisin-Natamisin”
(Pimalak) konservantından gözəyarı şəkildə istifadə olunduğu aşkar
edilib. 


 



 


 


Bir sözlə, Binəqədidə hansısa zirzəmidə millətə "İvanovka
şoru” adı ilə insan sağlamlığına təhlükə yaradan məhsullar hazırlanır.
Mağazalarda isə bu cür qidalar "n” qədərdir. Onların qiymətləri də
fərqlidir: bəziləri 1 manat 87 qəpiyə, bəziləri 1 manat 90 qəpiyə
satılır. Halbuki rayonlarda təmiz şorun 1 kilosu 1 manatdır. O halda
İvanovka, Şamaxı adı ilə satılan bu şorlara hansı maddələr qatılır ki,
həm qiyməti fərqli olur, həm də əlavə qatqıya ehtiyac duyulur?


 


 


Ümumiyyətlə, sovet vaxtından insanların beyninə oturmuş bir düşüncə
var ki, "İvanovka” mal nişanı altında satılan məhsullar keyfiyyətlidir.
Halbuki bu məhsullar quru süddən hazırlanır. Ən pis cəhəti isə odur ki,
onun tərkibində bəzən baytarlıq dərmanlarının qalıqları olur. Bunu
ekspert Eyyub Hüseynov açıqlamışdı. Yerli və xarici süd məhsulları var
ki, həftələrlə günün qabağında saxlayırsan, lakin xarab olmur. Bu, o
deməkdir ki, onlar tamam kimyalaşmış məhsullardır. Dadı, qoxusu isə
normaldır. 4 ay, 5 ay yararlılıq müddəti olan süd məhsulları var ki,
onlar hamısı kimyalaşıb.


 


Dəfələrlə marketdən alınan "İvanovka”nın kiflənmiş olması üzə çıxıb,
yaxud içindən qurd tapılıb. Təbii ki, bu cür malları təkcə Binəqədidə
aşkarlanan sexdə hazırlamırlar. Şübhə doğurmur ki, belə mallar Bakının
ayrı-ayrı zirzəmilərində düzəldilərək mağazalara daşınır.


 


Görünür ki, ölkədə həm də "şor mafiyası” var və bu şəbəkənin üzvü
olan işbazlar əhaliyə bu cür təhlükəli, antisanitariya şəraitində
hazırlanan məhsullar yedirirlər.


 


 


İvanovkadakı Nikitin adına balaca bir kolxoz hər gün min tonlarla
ağartı məhsullarını necə istehsal edə bilir ki, Bakı və digər
şəhərlərdə, hətta rayonlarda belə, bütün ticarət obyektlərinə çatdırsın?


 


 


 


 


Əslində İvanovka kəndinin Bakıda 2 mağazası var. Buna
baxmayaraq, "İvanovka” adı altında Bakıda 12-yə qədər mağaza fəaliyyət
göstərir ki, onların da satdığı məhsulların bu kəndlə heç bir əlaqəsi
yoxdur. "İvanovka” adı altında şərablar buraxılır. Cürbəcür məhsul da
istehsal olunur. Ümumiyyətlə, Azərbaycan "İvan” məsələsindən xilas
olmalıdır. Ölkə prezidenti çağırışlarında qeyd edib ki, "Made in
Azerbaycan” brendi dünyada tanınmalıdır.


Bundan başqa, bir müddət əvvəl Rusiyada tərkibinə nişasta, tabaşir,
sabun, soda, əhəng, bor turşusu, salisil turşusu, hətta gips belə
qatılan ağartı məhsulları aşkarlanmışdı.


 


 


Azərbaycan Rusiya ilə yanaşı, Belarus, Ukrayna, Türkiyə və bir neçə
Avropa ölkələrindən süd və süd məhsulları alır. Hazırda satışda 6 ay
yararlılıq müddəti olan süd məhsulları var. Məsələn, İrandan gətirilən
xamaların yararlılıq müddəti 6 aydır. Xamalar dadı ilə, qoxusu ilə tam
yaxşı xamanı mutasiya edir. Bu məhsulun tərkibi yoxlanılmayıb,
yararlılıq müddətini uzatmaq üçün hansı qatqılardan istifadə edildiyi
araşdırılmayıb. İstehlakçılar bilməlidirlər ki, məhsulun ömrünü nə
uzadırsa, həmin şey insanın ömrünü qısaldır.


 


 


Məsələ ilə bağlı ekspert E.Hüseynov onu da demişdi ki, uzun müddətdir
bir sıra gizli sexlərdə quru süddən, mənşəyi məlum olmayan südlərdən
"İvanovka” mal nişanı adı altında ağartı məhsulları istehsal olunur.
"Uzun Ömür İvanovka” və "Qafqaz İvanovka” MMC də Bakı ətrafında
antisanitar şəraitdə mal istehsal edirlər. Həm "Uzun Ömür İvanovka”, həm
də "Qafqaz İvanovka”nın sahibkarları ilə görüşmüşəm. Bu pis
əməllərindən əl çəkmələri barədə ağsaqqal söhbəti aparmışam. Lakin onlar
buna məhəl qoymayıb" - deyə ekspert bildirmişdi.


 


 


Ona görə də bu məhsulları alarkən diqqətli olmaq lazımdır. Ən əsası
İvanovka adı ilə istehsal olunan malların hansının təmiz olduğu
ictimaiyyət üçün aydınlaşdırılmalıdır.  Əks halda Elxan Muradov kimi
adamlar Binəqədidə sexlərdə əhali orqanizmə ziyanlı olan maddələrdən
hazırlanmış şor satmağa davam edəcəklər...

Bakı zirzəmilərinin “İvanovka şoru”:  bazarı mafiozlar cənginə alıb
Bakı zirzəmilərinin “İvanovka şoru”:  bazarı mafiozlar cənginə alıb
Bakı zirzəmilərinin “İvanovka şoru”:  bazarı mafiozlar cənginə alıb