“Martın 3-də metronun “İnşaatçılar” stansiyasından “20 Yanvar” istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olan şəxs tərəfimizdən müəyən olunaraq saxlanılıb”.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayon sakini, 1969-cü il təvəllüdlü M.Kamalov metropolitendə polis şöbəsinə gətirilib.
Onun barəsində İntibati xətalar məcəlləsinin 454-cü maddəsinin (qanunsuz küçə ticarəti, bu halda qayda pozucusu 80 manat cərimələnir) tələblərinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.
***
Sosial şəbəkələrdə metroda sərnişinlərə maska satan şəxsin görüntüləri yayılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sözügedən hadisə ilə bağlı Metropolitenin Polis Şöbəsinin əməkdaşları zəruri tədbir görüblər:
“Mart ayının 4-də bir şəxsin metro qatarlarında tibbi maska satması ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar bildirmək istəyirəm ki, mart ayının 3-də bununla bağlı Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları həmin şəxsi müəyyən edərək operativ tədbir görüblər.
Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq inzibati məsuliyyətə cəlb edilib”.
B.Məmmədov onu da əlavə edib ki, bu kimi hallarla qarşılaşan şəxslərin dərhal metropoliten əməkdaşlarına məlumat vermələri rica olunur:
“İnsanlar ictimai mövqe nümayiş etdirməlidirlər. Metropolitendən istifadə qaydaları sərnişinlərə bir sıra hüquqlar verir. Eyni zamanda, istifadə qaydaları sərnişinlərin vəzifələrini də müəyyən edir.
Elə bu əsasla bu videogörüntünün müəllifi də öz mövqeyini nümayiş etdirə, o cümlədən, bir sərnişin, bir vətəndaş kimi, bununla bağlı radiorabitə vasitəsilə qatar maşinistinə, yaxud stansiyada metropoliten işçisinə və ya metro polisinə məlumat verə bilərdi.
Bütün sərnişinlərdən xahiş edirik ki, metropolitendən istifadə qaydalarına riayət edək. Unutmayaq ki, bu qaydalar sərnişin kimi hər birimizin hüquqlarını müəyyən edir, metrodan rahat və təhlükəsiz, qarşılıqlı hörmət şəraitində istifadə etməyimizi təmin edir”. (oxu.az)