“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində koronavirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər - dezinfeksiya işləri fevral ayının 21-dən etibarən bütün metropoliten obyektlərində və qatarlarda aparılmaqdadır.
Medicina.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, müvafiq lisenziyası olan şirkətlə bağlanmış müqaviləyə uyğun olaraq, hazırlanan tədbirlər planına əsasən, “Bakı Metropoliteni” QSC-nin müvafiq struktur vahidi işçilərinin nəzarəti altında şirkət tərəfindən “Nərimanov” elektrik deposunda qatarların ətraflı dezinfeksiyası tam olaraq yerinə yetirilib və ikinci dövrə üzrə dezinfeksiya işlərinə başlanılıb, bu işlər davamlı olaraq aparılacaq. Xüsusi olaraq qeyd etmək lazımdır ki, dezinfeksiya işləri vaqon salonunun bütün hissələrini əhatə edir.
Tədbirlər planına uyğun olaraq, “Nərimanov” elektrik deposunun yeməkxanasında da dezinfeksiya işləri aparılıb. Profilaktik tədbirin aparılmasına ictimai nəzarət də təmin edilir.
Budəfəki tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlığın mühafizəsi və sosial təminat üzrə şöbəsinin etimadlı həkimi Söhrab Mansurov da yaxından iştirak edib.
Onunla yanaşı, həkim-mütəxəssis Emin Kəbirlinski, Metropoliten İşçiləri Həmkarlar İttifaqının nümayəndəsi və əməyin texniki müfəttişi də işləri yaxından izləyiblər. Onlar profilaktik tədbirlərin təşkilini yüksək qiymətləndiriblər.
Fevral ayının 26-dan başlayaraq, gündəlik olmaqla, koronavirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər stansiyalarda da aparılır. Gündəlik iş şəraiti rejimində əllə təmas olunan səthlər xüsusi dezinfektantlarla silinərək təmizlənir. Dezinfektantlarla silinən yerlərə qapılar, şüşələr, pilləkən, keçid, vestibül, platfomalar və s. yerlərdə tutacaqlar, eskalatorların sürahilərini nümunə göstərmək olar.
Bu işlər gün ərzində bir neçə dəfə təkrarlanmaqla yerinə yetirilir və daimi olaraq nəzarət təmin edilir. Gündəlik rejimdə istifadə olunan dezinfektantlar insan sağlamlığı üçün təhlükəsizdir. Gecə saatlarında, sərnişinlərin metropolitendən istifadə etmədiyi vaxtlarda stansiyalarda aparılan profilaktik dezinfeksiya tədbirlərinə keçid, vestibül, platforma və stansiya yolları daxildir.
Tədbirlər planına uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin bütün inzibati binaları və yeməkxanalarında, o cümlədən, xidməti və işçi otaqlarda, sanitariya qovşaqlarında, vestibül, dəhlizlər və s. yerlərdə dezinfeksiya işləri mərhələli qaydada aparılır.
Xatırladaq ki metropolitendə koronavirusla əlaqədar dezinfeksiya zamanı geniş spektrli “ProGreen DEZ-8” dərman vasitəsindən istifadə olunur. Bu dezinfektant bütün növ mikroblar, bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır.
Koronavirus ilə bağlı metropolitendə mütəmadi olaraq görülən tədbirlər barədə ictimaiyyəti maraqlandıran məsələlər üçün “Bakı Metropoliteni” QSC-də 964 və (012) 490 00 00 nömrəli qaynar xətləri (http://metro.gov.az/az/contacts) davamlı fəaliyyət göstərir. Məsələnin əhəmiyyəti nəzərə alınaraq, metropolitenlə digər məsələlərlə bağlı telefon rabitəsinin qurulması üçün +994 (12) 490 01 01 nömrəsi təyin edilib.