Baharın gəlişi ilə birlikdə allergiya mövsümü də başlayır. Mütəxəssislər bahar allergiyasının ən çox gənclərə təsir etdiyini bildirirlər. Ot, taxıl və ağac tozcuqlarına qarşı allergiyalara daha çox rast gəlinir.
Bahar allergiyası bitki poleninə həssas insanlar tərəfindən inkişaf etdirilən bir növ immun reaksiyadır.
Medicina.az xəbər verir ki, Prof. Dr. Ziya Saltürk bahar allergiyasından xilas olmağın yollarından danışıb.
"Uşaqlarda adətən 2 yaşından sonra başlayır. Ən çox məktəb və yeniyetməlik dövründə görülür. Allergiyanın ən bariz əlamətləri tənəffüs yollarında, xüsusilə burunda qaşınma və asqırmadır. Astma xəstələri bahar allergiyasına qarşı xüsusilə diqqətli olmalıdırlar. Boğazda şişlik və udlaqda tıxanma kimi şiddətli simptomlar zamanı ən yaxın təcili yardıma müraciət edilməlidir”, - deyə professor bildirib.
Onun sözlərinə görə, polenlərə məruz qalma nisbətinin yüksək olduğu kənd yerlərində allergiya halları daha yüksəkdir:
“Allergiyaya qarşı ən qəti tədbir özünüzü allergenlərdən qorumaqdır. Bu səbəblə maska taxmaq, mümkün qədər allergen mühitlərdən uzaq olmaq, evdə bitki varsa, evi tez-tez havalandırmaq kimi ehtiyat tədbirləri görülə bilər".
Həkim burnu duzlu su ilə yumağın da effektiv üsul olduğunu qeyd edib:
“Bu, allergen sıxlığını azaldır. Allergiya əlamətləri üçün ən sadə üsul burnu yumaqdır. Burnun duzlu su ilə yuyulması şikayətləri azaldacaq. Ancaq vəziyyət ciddidirsə, burun tutulması və asqırma gündəlik həyatın keyfiyyətinə təsir edirsə, müalicəyə başlanılmalıdır”.
Saltürk bahar allergiyasını aşkarlamağın ən yaxşı yolunun dəri testi olduğunu bildirib:
“Bu testlər vasitəsilə dərinin altına yerləşdirilən allergenlərə qarşı həssaslıq ölçülür. Bu yolla bahar allergiyasının mənbəyi müəyyən edilə bilər”.
O, bahar allergiyasının müalicə üsullarını da izah edib:
“Peyvəndlər yaxşı seçimdir. Allergiya peyvəndləri dəri testində təsbit edilən allergenə qarşı tətbiq edilən desensitizasiya müalicəsidir. Məqsəd, immunitet sistemini mütəmadi olaraq allergenə məruz qoyaraq onu gücləndirməkdir. Dərialtına yeridilən vasitələr dilaltı tətbiqlərdən daha təsirli olur. Müalicə təxminən 5 il davam edir və təxminən 60 faizə yaxın daimi müvəffəqiyyət nisbəti əldə edilir. Xəstələrin 80 faizində müəyyən dərəcədə rahatlama əldə etmək olur”.
Aysel