Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaq spazmı - Yaranma səbəbləri və müalicəsi

  • 2019.10.25 10:05
  • 8705 Baxış
Bağırsaq spazmı -  Yaranma səbəbləri və müalicəsi
Bağırsaq spazmı həzm traktının bir çox
xəstəliklərinin əlaməti olub, yüksək intensivlikli visseral ağrı ilə
xarakterizə edilir. Sancışəkilli ağrı bağırsaq divarının həddindən artıq
yığılması nəticəsində meydana çıxır. Onun səbəbini aydınlaşdırmaq üçün
müxtəlif laborator, rentgenoloji, ultrasəs və instrumental müayinə
üsulları tələb oluna bilər.

 

 

 

 

 

 

Yaranma səbəbləri 

Bağırsaq spazmı üçün tutmaşəkilli ağrılar xarakterikdir. Onlar
bağırsaq motorikasının müxtəlif mexanizmlərinin pozulması ilə əlaqədar
yaranırlar. Bağırsaq spazmının patogenezinin əsas həlqələrini orqanın
divarının gərilməsi, sinir uclarının qıcıqlanması, bağırsağın saya
əzələsinin tonusunun və yığılmasının pozulması, qida
kütləsinin hərəkəti üçün maneənin yaranması təşkil edir.

 

 

Bağırsaq spazmı həzm sisteminin patologiyaları – kəskin və xroniki
qastrit, mədə və onikibarmaq bağırsağın xoraları, hepatit, pankreatit və
s. fonunda əmələ gələ bilər. Mədədə və bağırsağın başlanğıc hissəsində
qida məhsullarının mənimsənilməsi pozulduqda işlənilməmiş qida kütləsi
bağırsağa keçərək, onun reseptorlarının qıcıqlanmasına və əzələ
toxumasının spazmına səbəb olur.


 


 


Bağırsaq spazmının digər səbəbi qidalanmada yol verilən xətalardır.
Belə vəziyyətlərdə sancının yaranma mexanizmi həzm pozğunluğunda olduğu
kimidir. Lakin bağırsaq divarının qıcıqlanması həddindən artıq soyuq,
quru, qızardılmış, kəskin qidaların, mayalı xəmirdən hazırlanmış
məmulatların və s. təsirindən baş verir.


 


 


Spazmın əlamətləri 


 


Bağırsaq spazmının yeganə əlaməti qarında yaranan tutmaşəkilli
intensiv ağrılardır. Sancının hansı xəstəliyin fonunda formalaşmasından
asılı olaraq, digər simptomlara da rast gəlinə bilər. Qastrit zamanı
bağırsaq spazmı epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma, dispeptik
hallar, iştah pozğunluğu və arıqlama ilə müşayiət edilir. Mədə və
onikibarmaq bağırsağın xora xəstəliyində ağrılar daha intensiv olub,
aclıqla əlaqədar və gecə saatlarında əmələ gəlir.

 

 

Qaraciyər patologiyalarında bağırsaq spazmı sağ yan tərəfdə ağrılar,
qaraciyər sancısı, öd qusma, dəri və selikli qişaların sarılığı, qaşınma
ilə birgə rast gəlinir. Mədəaltı vəzin xəstəliklərində qarında
kəmərləyici ağrılar, davamlı qusma, meteorizm və ishala bağırsaq spazmı
əlavə olunur.


 


 


 


 


 


Bağırsaq infeksiyaları adətən qızdırma və qusma ilə başlayır. Sonra
ishal fonunda simptomatikaya bağırsaq spazmı qoşulur. Nəcisdə patoloji
qarışıqlar (selik, qan) izlənilir. Helmintozların klinikası əksər
hallarda tədricən inkişaf edir, bağırsaq spazmı uzun müddət ərzində
yeganə əlamət kimi təzahür edə bilər. Bundan əlavə pasiyentlər
halsızlıq, əzginlik, əmək qabiliyyətinin azalması, dəridə səpkilər və
anus nahiyəsində qaşınmadan şikayətlənirlər. Bağırsaq keçməməzliyinin
ilkin mərhələlərində xəstələri güclü bağırsaq spazmı narahat edir. Onun
intensivliyi tədricən azalır. Sancılar qaz və nəcis ifrazının yoxluğu,
tez-tez təkrarlanan qusma fonunda baş verir. Qarın köpür, peristaltika
itir. Sutka ərzində xəstəyə yardım göstərilmədikdə, bağırsaq divarında
geridönməyən dəyişikliklər yaranır.


 


Müalicəsi



Həkim yardımına qədər özünü müalicə ilə məşğul olmaq – bağırsaq
spazmını ağrıkəsici və spazmolitik vasitələr, istiqac və ya imalələrlə
aradan qaldırmaq qəti qadağandır. Yalnız həkim əlamətləri düzgün
qiymətləndirərək, kəskin appendisit, peritonit, bağırsaq keçməməzliyi
kimi ciddi xəstəlikləri inkar edə bilir. Özbaşına müalicə əlamətlərin
silinməsinə, diaqnozun yanlış qoyulmasına və müalicəvi tədbirlərin
uzanmasına gətirib çıxara bilər.

Kəskin cərrahi patologiya inkar edildikdən sonra patogenetik müalicə
təyin olunur. Bağırsaq spazmı emosional fonda yarandıqda və ya bu
simptom pasiyentin həddən artıq qıcıqlanmasına səbəb olduqda sedativ
vasitələr qəbul edilir.


 


Daxili orqanların digər patologiyaları ilə bağlı olmayan, vaxtaşırı
təkrarlanan bağırsaq sancılarında uzun müddət sakitləşdirici preparatlar
qəbul edilməli, qida rasionundan qızardılmış, kəskin, yağlı, hisə
verilmiş məhsullar, qazlı içkilər, mayalı xəmirdən hazırlanmış
məmulatlar və bəzi tərəvəzlər (paxlalı bitkilər, kələm, qarğıdalı, turp)
çıxarılmalıdır.



 


 



 

Bağırsaq spazmı -  Yaranma səbəbləri və müalicəsi
Bağırsaq spazmı -  Yaranma səbəbləri və müalicəsi