Çində bağça müəllimi uşaqları zəhərlədiyinə görə edam cəzasına məhkum edilib.
Medicina.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
Məlumata görə, təqsirləndirilən Van Yunun həmkarı Sunla münaqişəsi yaranıb. Qadın intiqam almaq qərarına gəlib və uşaqların sıyığına natrium nitrit qatıb. Nəticədə 25 uşaq zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib, onlardan biri isə həyatını itirib.
İstintaq zamanı Van Yunun ilk dəfə belə addım atmadığı da ortaya çıxıb.
2017-ci ildə qadın əri ilə dalaşıb. Sonra internetdən natrium nitrit alıb, onun suyuna qatıb. Kişi bu suyu içdikdən sonra zəhərlənsə də, onun orqanizmində ciddi fəsad yaranmayıb.
Məhkəmə qadının natrium nitritin insanlar üçün təhlükəli ola biləcəyini çox yaxşı bildiyini, buna baxmayaraq, iki dəfə istifadə etdiyini bildirib.
Məlumata görə, Van Yun zəhərlədiyi sıyığı bir çox uşağın yeyəcəyini yaxşı bilirdi, amma bu onu dayandırmayıb.