Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bacı və qardaşı bir otaqda yatırmaq, bir yerdə çimizdirmək olarmı? - Azərbaycanda cinsi tərbiyə məsələsi

  • 2019.01.05 11:59
  • 47021 Baxış
Bacı və qardaşı bir otaqda yatırmaq, bir yerdə çimizdirmək olarmı? -  Azərbaycanda cinsi tərbiyə məsələsi

Son zamanlar uşaq bağçalarında, orta məktəblərdə uşaqlara verilən cinsi tərbiyə mövzusu aktuallaşıb. Belə ki, ailədə doğulan oğlan və qız övladlarının birlikdə böyüdülməsi, onlara cinsi tərbiyənin verilməsi, məhrəmliyin qorunması kimi məsələlər həmişə aktual mövzu olub. Lakin bəzən valideynlər sanki bu mövzulardan qaçaraq ona əhəmiyyətsiz yanaşır, uşaqlarla bu məsələləri müzakirə etməyi doğru hesab etmirlər. Onu da qeyd edək ki, cinsi tərbiyə uşaqlara hələ körpə yaşlarından verilməlidir ki, vaxt çatanda o öz məhrəmini ayırd edə bilsin. 


Bacı-qardaşın bir otaqda yatırılması, bir-birlərinin, həmçinin ana və atanın yanında paltarlarını dəyişməsi, birlikdə çimizdirilməsi kimi hərəkətlər doğrudurmu? Uşaqlar neçə yaşından ayrı yatızdırılmalıdır?  Uşaqların sözügedən qaydalara məhəl qoymadan böyüdülməsi gələcəkdə onların psixologiyasında nə kimi iz qoya bilər? 


Medicina.az bu və digər suallarla psixoloq Zeynəb Eyyubovaya müraciət edib: 

 

- Zeynəb xanım, Azərbaycan ailələrində oğlan və qız uşaqları yetkinlik yaşlarına qədər adətən bir otaqda yatır, kiçik yaşlarından bir yerdə çimizdirilir, onlara demək olar ki heç bir cinsi ayrıseçkilik qoyulmur. Bu düzgündürmü? Uşaqların cinslərinə görə tərbiyəsi necə aparılmalıdır? 


- Bu məsələ çox aktualdır. Lakin aktual olmasına baxmayaraq bir çoxları tərəfindən aktuallıqdan kənar saxlanılan məsələdir. Bəzən elə olur ki, uşaqlardan əlavə, hətta valideynlər də uşaqların yanında soyunaraq paltarlarını dəyişirlər və ya bəzi ehtiyaclarını uşaqların yanında ödəyirlər. Amma bütün dünyada, o cümlədən də Türkiyədə "Məhrəmiyyət eyitimi” adı altında kitablar buraxılır, bu istiqamətdə müəyyən işlər aparılır. Problem odur ki, bizdə bu məsələyə baxış bucağı fərqlidir. Azərbaycanda nəinki bir evdə bacı-qardaş məhrəmliyi olur, hətta "əmioğlu sənin qardaşındır” və ya "xalaqızın sənin bacındır” kimi fikirlər də səsləndirilir. Burada əsas məsələ isə başqadır. Biz həmişə həyatımızı seriallara baxaraq oradakı kimi nizamlamağı öyrənmişik. Lakin bu seriallarda əgər fikir vermisinizsə, uşağın dünyaya gələcəyi bilinən gündən onun üçün ayrıca otaq hazırlanır, özəl əşyalar alınır. Bu elə o deməkdir ki, körpə dünyaya gəldikdə artıq individual bir şəxsdir. Bəzən bu maddiyyatla əlaqələndirilərək ayrıca bir otağın olmaması səbəb kimi göstərilir. Ayrı otaq olmasa belə bir otağın içində ayrıca bir guşə də hazırlamaq olar. Uşağın özünə aid, özünü sərbəst və rahat hiss edəcəyi bir yer olmalıdır. 

 



İndiki zamanda uşaq zorakılığı, təcavüz və uşaq cinsi istismarı çox yayılıb. Ona görə də ana qız uşağına, ata da oğlan övladına onun özəl bir sahəsinin olduğunu və yalnız ata-ananın, həmçinin də onların nəzarəti ilə həkimin ora daxil olmağa ixtiyarı olduğunu başa salmalıdırlar. Bu, uşağa özgüvən verəcək və uşaq öz məhrəmiyyətini qoruya biləcək. Uşaq doğulduğu gündən bu sistem qoyulmalıdır. 


Unutmaq lazım deyil ki, uşaq eşitdiyini deyil, gördüyünü edir. Yəni uşaq valideynlərini paltarını dəyişərkən və ya çimərkən görürsə, o zaman ona nə desən də xeyri olmayacaq.

 

Son zamanlarda çoxuşaqlı ailələrin sayı kəskin şəkildə azalıb. İndi 4 və hətta 3 uşaqlı ailələr çoxuşaqlı hesab edilir.  Daha əvvəllər isə 8, 9 uşağı bir otaqda elə böyüdürdülər ki, sağlam psixologiyaya malik insan olurdular. Burda maariflənmədən çox şey asılıdır. Bəzən elə olur ki, valideynlər bunun səhv hərəkət olduğunu və gələcəkdə uşağın psixologiyasında izlər buraxa biləcəyini heç düşünmürlər. Bəzi valideynlər isə övladını başqa otaqda yatıran anaları gördükdə onun qayğısız, övladına qarşı laqeyd olduğunu düşünürlər. Buna görə də təbliğatdan və məmulatlanmaqdan çox şey aslıdır. Bunu tam də dəqiq demək olmaz ki, uşaqlar əgər  birotaqlı evdə böyüyəcəklərsə, o zaman onların psixologiyalarında problem yaranacaq. Burada əsas vacib olan amil valideynlərin vəziyyətə yanaşmaları və düzgün maariflənmədir. Elə insanlar var ki, 1 otağın içində 4 uşağı elə yüksək səviyyədə böyüdür ki, hər uşağına ayrı bir otaq təşkil edən valideyn öz evində həmin qayda-qanunları övladına tətbiq edə bilmir. By yaxınlarda mənim bir xəstəm var idi. O mənə öz evinin şəkillərini göstərdi. Bu qadın iç-içə 2 otağı olan evdə hər uşağına pərdədən ayrıca bir guşə yaratmışdı. 


Bir psixoloq kimi mən uşaqların nəinki valideynlərlə bir çarpayıda, hətta bir otaqda belə yatmalarını məsləhət görmürəm. Bəzən elə olur ki, uşağın ayrıca otağının olmasına baxmayaraq  gecələr körpə ağlayan kimi, onu öz çarpayısına qoyaraq orada yatırırlar. Bu isə anaların təcrübəsizliklərindən və məlumatsızlıqlarından xəbər verir.    


Arzu

Medicina.az

Bacı və qardaşı bir otaqda yatırmaq, bir yerdə çimizdirmək olarmı? -  Azərbaycanda cinsi tərbiyə məsələsi
Bacı və qardaşı bir otaqda yatırmaq, bir yerdə çimizdirmək olarmı? -  Azərbaycanda cinsi tərbiyə məsələsi
Bacı və qardaşı bir otaqda yatırmaq, bir yerdə çimizdirmək olarmı? -  Azərbaycanda cinsi tərbiyə məsələsi