"Enerji içkilər"in istehlakının artımı dünya əhalisinin, xüsusilə gənclərin sağlamlığı üçün risk yaradır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional İdarəsinin mütəxəssisləri tərəfindən aparılan və son on ildə inkişaf etmiş ölkələri əhatə edən "enerji bumu"nun irimiqyaslı tədqiqatları belə bir nəticəyə gəlməyə əsas verib.
Azərbaycanda bu içkilərin pərakəndə satışı mövcuddur. Baxmayaraq ki, üzərində 18 yaşa qədər uşaqların içməsi tövsiyə olunmur yazısı var, ancaq buna əksər zaman valideynlər də məhəl qoymur.
Medicina.az xəbər verir ki, son günlər sosial şəbəkədə yayılan uşağın enerji içkisi içdiyinin əks olunduğu şəkil etirazla qarşılanıb. Nəqliyyat vasitəsində çəkilən şəkildə bu içkini uşağa kimin verdiyi tam məlum deyil.
Bəs enerji içkiləri uşaqlara nə kimi ziyan verə bilər?
Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən pediatr Nigar Süleymanova içkinin uşaq orqanizminə ölümcül təsir etdiyini bildirib.
"6-7 yaş arası və ondan böyük usaqlar arasında geniş istifadə edilən müxtəlif növ enerji içkiləri uşaq orqanizminə qarşı təhdiddir. Enerji içkiləri yüksək şəkər, kafeinlə zəngindir. Enerji artırması üçün tərkibinə Taurine, L-carnitine, amino asitlə zəngin bir çox maddələr qatılır.
Bu isə ürəkdə ritm pozğunluğu yaradır, qan dövranında patalogiyalara səbəb olur”, - deyə pediatr vurğulayıb.
Qeyd edək ki, hazırda Fransa, Danimarka, Norveç, Türkiyə, Uruqvay, İslandiya, həmçinin ABŞ-ın Vaşinqton, Yuta, Oklahoma və Miçiqan kimi bəzi ştatlarında energetic içkilərin istehsalı və satışı qadağan edilib.
Şəhanə Quliyeva