Yeni bir araşdırma qız uşaqlarının və gənc qadınların təxminən yarısının görünüşünü dəyişdirmək üçün estetik əməliyyat etdirməyi düşündüyünü üzə çıxarıb.
Medicina.az xəbər verir ki, araşdırmanı “Girlguiding” təşkilatı aparıb.
Araşdırma nəticəsində 11-16 yaş arası hər 10 qızdan təxminən dördünün pəhriz saxladığı və yarıdan çoxunun arıqlamaq istədiyi müəyyən edilib.
Gənclik təşkilatının tədqiqatçıları 2 734 azyaşlı qız və gənc qadın arasında sorğu keçirib. Onlar 11-16 yaş arası qızların dörddə birindən bir qədər çoxunun qarşıdakı 20 il ərzində hansısa məqamda öz görünüşlərində estetik dəyişikliklər etməyi düşündüklərini müəyyən ediblər. 17-21 yaş arası qızlar üçün bu nisbət təxminən yarıya qədər artıb.
Hətta 7 yaşında olan azyaşlı qızlar belə eyni yaşda olan oğlanlara nisbətən fərqli gözəllik standartlarına və daha tənqidi baxışlara məruz qaldıqlarını hiss etdiklərini bildiriblər.
“Girlguiding” prezidenti Angela Salt nəticələrlə bağlı bunları söyləyib:
"Görünüşlə bağlı təzyiqlərin cəmiyyətimizdəki qızlara necə təsir göstərdiyini görmək ürək ağrıdır.
Araşdırmamız göstərir ki, bu narahatlıqlar qızları yorur. Mükəmməllik gözləntisinin onların sağlamlığına və özünə inamına təsirləri qaçılmazdır. Ona görə də bu məsələni gündəmə gətirmək və internetdə şəffaflığı artırmaq vacibdir”.
Aysel