Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanlar olduğunu açıqlayıb.
Medicina.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Oxu.Az-a bildirib ki, qurumun altı əməkdaşı koronavirusa yoluxub.
Onun sözlərinə görə, qurumun əməkdaşlarında koronovirusa yoluxma faktları ayrı-ayrı vaxtlarda qeydə alınıb:
“Altı nəfər əməkdaşımız bu virusa yoluxub. Üç nəfəri artıq sağalıb, evlərindədir. Hazırda üç nəfər isə xəstəxanada müalicəsini davam etdirir”.
C.Səfərov qeyd edib ki, koronovirusa yoluxanlar 50-65 yaş arası şəxslərdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı Oxu.Az-a bildirib ki, qurumda pandemiya dövrünün qaydalarına uyğun olaraq müəyyən olunmuş sayda əməkdaş gündəlik işə gəlib-gedir:
“Digər işçilər evdən işləyir. Bu günə kimi Komitənin heç bir əməkdaşında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.
Bakı Nəqliyyat Agentliyindən qeyd edilib ki, ictimai nəqliyyatın fəaliyyətində fasiləsizliyin təmin olunması baxımından vacib olan məqamlardan biri də bu prosesdə iştirak edənlərin sağlamlığının qorunmasıdır:
“Pandemiya dövründə Bakı Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Həyata keçirilən əks-epidemik tədbirlər, eyni zamanda, COVID-19-un profilaktikasına dair qaydalara riayət olunması sayəsində bu günə qədər əməkdaşlar arasında yoluxma halı qeydə alınmayıb”.