Ülvi Əliyev, pediatr
"Gənc” sözü farscadan tərcümədə "xəzinə” deməkdir. Heç də əbəs deyil ki, bütün dünyada gənclər aparıcı qüvvə, kreativlik, elmi potensial olaraq görülür. Hər bir millətin gəncliyi onun ən qiymətli sərvətidir. Gəncliyə qədəm qoyma isə yeniyetməlikdən başlanır. İngiliscə "teenager” sözcüyü 12-19 yaşları əhatə edir. Bir də var "adolesan”… Latıncadan tərcüməsi "böyümək” mənasına gələn "uşaqlıqdan böyüklüyə keçid” deməkdir. ABŞ-da bu dövr 11-21 yaş, Türkiyədə 10-19 yaş, bizdə isə… Bizdə uşaq anlayışı 0-13 yaşı əhatə edir. Sonra isə böyüklərə necə yanaşılırsa, uşaqlara da eləcə…
Gənclik gələcəyə qoyulan sərmayə kimi düşünülə bilər. Əsas isə gənclərin sağlamlığı və təhsilidir. Bu dövr öz hiss və həyəcanları, gənclərin kimlik axtarışında olması, ailəyə öz "mən”ini qəbul etdirməsi yolunda mübarizəsi, ata-anaya qarşı zidd getmələr kimi hallar ilə təlatümlü bir dənizi andırmaqdadır. Bu dövrdə düzgün və balanslı qidalanma, yuxu rejimi, idman və bədən tərbiyəsi, travmalar, cinsi inkişaf və böyümə, dişlərin sağlamlığı, peyvəndlər, infeksiyalar, fiziki və psixoloji inkişaf kimi vacib məsələlər diqqət mərkəzində olmalıdır. Piylənmə, anoreksiya, nervosa (qidadan imtina), yeniyetmə hamiləlikləri, spirtli içki və narkotik istifadəsi, depressiya və intiharlar, yaralanmalar, aybaşı pozğunluqları, cinsi yolla keçən xəstəliklər bu yaş qrupunun ən aktual problemlərindəndir.
Elə bu kontekstdən çıxış edərək dünyada adolesan klinikaları açılıb. Bu klinikalarda boy və çəkinin təyini, kilo azlığı, idman həkimliyi, yorğunluq, qızlarda ağrılı aybaşı, adolesan dövr menstruasiya pozğunluğu, premenstrual sindrom (aybaşı önü gərginlik), vaginal axıntılar, gənc oğlanlarda varikosel, ginekomastiya (döşlərin böyüməsi) və s. problemlərlə məşğul olur və bu xəstəliklərin müayinə və müalicəsini, lazım gəldiyi halda isə digər mütəxəssisə yönləndirilməsini təşkil edirlər.
Qardaş Türkiyə Cümhuriyyətində bu sahədə bir çox addımlar atılıb. 1965-ci ildə təməli Hacəttəpə Universitetində qoyulmuş adolesan poliklinikaları qısa müddət ərzində bütün Türkiyəyə yayılıb. Elmi rəhbərim, Hacəttəpə Universiteti Adolesan Sağlığı Kafedrasının başqanı Prof.Dr.Orhan Derman və Prof.Dr.Nuray Kanburun 21-ci Avropa Adolesan Konfransında iştirak etmək təklifi məni çox sevindirdi. Konfrans "Equal opportunities for healthy development for all adolescents” ("Yeniyetmələrin sağlam inkişafı üçün bərabər imkanlar”) adı altında 21-ci Avropa və III Moldova Milli Adolesan Konfransı olaraq oktyabrın 3-5 arası Moldovanın paytaxtı Kişinyovda keçiriləcəkdi.
…Kişinyov bizi tutqun hava və narın payız yağışı ilə qarşıladı. Kiçik aeroportdan şəhərə gedən yol yaşıllıqların içindən keçir, bəzən yollar o qədər boş görünür ki, yanlış yola girdiyinizi belə düşünə bilərsiniz. 20 dəqiqəlik yol boyu taksi sürücüsü Adrian şəhərinin güzəranından danışırdı.
Qaldığım Famillion Apart Oteli şəhər mərkəzinə piyada 10 dəqiqəlik məsafədə olub, sakit Kojokarilor küçəsində yerləşir. Dörd mərtəbəli ağardılmış binada hər otağın mətbəx, yataq, koridor və hamam otağı var. Otaqlarda ideal təmizlik hökm sürür. Mətbəxdə qaz sobası, soyuducu, elektrik qızdırıcısı, paltaryuyan maşın, soyuducu, ütüyə qədər vardı. Səhər yeməyi otaq puluna daxil olan ailə tipli otelin günlük qiyməti 70 USD civarındadır. Yeri gəlmişkən, əgər Kişinyovda yerli mobil telefon nömrəniz yoxdursa və taksi xidmətindən istifadə etmək istəsəniz otellərdən çağırtdırmanız məsləhətdir. Yollarda nə qədər taksi çağırmaq üçün əlinizi qaldırsanız taksi dayanmayacaq. Ayrıca taksi dayanacağı (aeroport istisna olmaqla) və boş taksi görmək imkanınız da çox azdır. Səbəb kimi şəhərdə artan cinayətkarlıq və maşın qaçırma halları ilə əlaqədar təsadüfi adamlara maşın saxlanmadığını öyrəndim. Mobil telefon demişkən; tarifli xətdən başqa ölkədə iki telefon operatoru - Moldcell və Orange fəaliyyət göstərir. Qəzet köşklərində belə 30 leydən (1dollar=17 ley) başlayan qiymətlərlə özünüzə həmin dəqiqə aktivləşən nömrə ala bilərsiniz. Şəxsiyyəti təsdiq edən sənədə ehtiyac yoxdur.
Konfrans ertəsi gün başlanacağı üçün şəhərlə tanış olmaq istədim. Sürücü Oktavian (ikinci sürücü də Roma İmperatorunun adaşı idi) ilə söhbətdən onun 5 il yol polisi işlədiyini, maaş azlığı səbəbilə işdən çıxıb taksidə çalışdığını, bir neçə ay sonra Almaniyaya köçəcəyini öyrəndim. Müsahibim deyir: "Moldovada ən çox maaş alan yol polisləridir 250 avro. Maaşla bazar qiymətləri arasında uyğunsuzluq var. 40 il işləyən müəllimin pensiyası 50-75 avro (1000-1500 ley) civarındadır. Həyat bahalıdır, ölkə boşalır; imkanlılar Avropaya köçür, digərləri işləmək üçün Rusiyaya üz tuturlar. Ölkəmiz kasıb olsa da əhalimiz zəhmətkeş, çalışqan, qadınlarımız evyığandırlar…”
Bu yerdə Oktaviana bizim bölgəyə gəlin gəlmiş 4 moldovalı qadının el içində ağsaqqal-ağbirçək yanında qazandıqları xətir-izzətdən, hörmətdən söz salıram, müsahibim sevinir… Şəhərdə addımbaşı trolleybuslar gözə çarpır. Maşın geniş prospektdə şütüyür, Oktavian hündür yaraşıqlı binanı göstərərək söhbətinə davam edir: "Bura alış-veriş mərkəzidir, türklər tikib, inşaat sektoru haqlı olaraq onlardadır… Bizim şərabların dadına baxmamış getməyin. Şərablarımız dünyada məşhurdur. Milli mətbəximizi görmək istəsəniz Popasul Dachilor, La Crisme, restoran Moldovanetsə gedərsiniz. Hə, bir də… mərkəzdən bir az aralıda «Кавказская пленница» var, sahibi həmyerlinizdir…”
Ayın 3-də qeydiyyat sonrası Radisson Blu otelində səhər interaktiv söhbət və çalışma qruplarında müzakirələr və mühazirələr başlandı. Dünyanın 30-dan çox ölkəsindən 500 dən çox adam konfransda iştirak edirdi. Eyni vaxtda 6 salonda adolesan cinsi və reproduktiv sağlamlığı, zorakılığın indikatorları, övladlığa götürmə, gənc oğlan sağlığı, kontrasepsiya (hamiləlikdən qorunma üsulları), sosial medianın gənclərə təsiri, məktəblərdə yeniyetmə səhiyyəsinin təşkili, xronik xəstəliklər mövzusunda mühazirələr çox böyük marağa səbəb oldu. Saat 17-də konfransın açılış mərasimi oldu. Altmışa qədər gənc könüllünün iştirakı ilə gənclər arasında müxtəlif səhiyyə mövzularına həsr edilmiş sorğu nəticələrini əks etdirən slaydlar göstərildi. 2011-ci ildə Moldova Səhiyyə Nazirliyinin təşəbbüsü və BMT-nin İsveçrə agentliyinin dəstəyi ilə açılmış Gənclik Klinikasının sayı hazırda 41-dir. Bu klinikalar 10-24 yaşlı gənclərə xidmət göstərirlər. Müraciət faizi 7 ildə 5 dəfə artaraq 5,6%-dən 24,5-ə yüksəlib.
Qeydiyyat və məlumat masalarından tutmuş hər yerdə bənövşəyi geyimli könüllüləri görmək olardı. 11-ci sinif şagirdi Edita Jalba komanda rəhbərlərindən və konfransın fəallarından biridir. Dinləyirik: "Mən Neovita Gənclik Klinikası könüllülərindən biriyəm. Bu konfrans həyatımda çevrə kəşfi və özümü dərketmədə mühüm rol oynayır. Koordinatorum Tatyana Bursukun dəvəti ilə mən könüllülər sırasına qatılmışam və bu konfransda iştirak edirəm. Komandam və mən tədbirin təşkili və uğurlu keçməsi üçün var gücümüzlə çalışırıq, məncə istədiyimiz kimi də alınıb. Könüllülük sənə məsuliyyət hissi aşılayır və mütləq uğura zəmanət verir. Mən düşünürəm ki, bütün Gənclik Klinikaları ilə birgə cəmiyyətin inkişafına xidmət edirəm. İşıqlı gələcək quracağımıza əminəm…”
***
Şam yeməyini milli ornament və naxışların bəzədiyi "La Placinte” restoranında yedik. Rəngarəng səhifələrdə uzun çək-çevirdən sonra, hamımızın yemək istədiyi, ancaq mənasını bilmədiyimiz "mamalıqa”nın "qarğıdalı unu” olduğunu öyrəndikdən sonra mamalıqalı tokana və aperitiv olaraq "Qayınana dili” yedik. Gözlədiyimizin əksinə olaraq qayınananın dili heç də acı deyildi… Moldav mətbəxi türk, yunan, rus, Ukrayna, yəhudi və alman mətbəxindən "təsirlənib”. Şorbaya "ciorba”, kələm dolmasına isə sarmale (türkcə sarma) deyirlər. Menyuda restoranın adını daşıdığı placindaların ("yumru qutab” kimi təsəvvür edə bilərsiniz) 7 çeşidi təklif olunurdu. Biz gilənarlı və kələmli plasindaların dadına baxdıq və çox bəyəndik. Litri 72 leydən başlanan milli simvol-qırmızı şərab… çaydan ucuz idi. Getdiyimiz restoranların hamısında çayniklər fincanlardan kiçik görünür və iki fincan çay tuturdu. 3 çaynik çay üçün 150 ley ödədik və çox təəccübləndik.
***
Sonrakı günlərdə də fasilələrdə də digər ölkələrdən gəlmiş iştirakçılarla söhbət etdik. Serbiyadan gəlmiş İrena Vari və Yovana Petrovic YUNESKO-nun UNPF (United Nations Population Fund) koordinatorlarıdır. İrena Xorvatiyada doğulub, Belqrad Universiteti ərəb dili və qrammatikası fakültəsini bitirib. İngiliscə nitqi o qədər səlis və axıcıdır ki, tərcümə kabinəsində oturanlar onun çıxışını tərcümə etməkdə gecikirdilər. Əfqan qaçqınların problemləri ilə maraqlanarkən fars dilini də öyrənib. Rəfiqəsi Yovana ilə birlikdə miqrant gənclərin sosial adaptasiyasına yardım etmək və diskriminasiyasını önləmək üçün "Boys on the Move” adlı həyat təcrübəsi proqramı işləyib hazırlamışlar. İrena deyir: "Mən 3 il öncə Belqradda qaçqınların problemləri ilə maraqlanan zaman görmüşdüm ki, şəhərdə işsiz-gücsüz dolanan xeyli qaçqın gənc var. Bu proqrama başlamağın onlar üçün gərəkli və yararlı olacağını düşünürdüm. Çox şadam ki, konfransda hər kəsə daha yaxşı gələcək uğrunda zəhmət çəkən çoxlu istedadlı, çalışqan gənclər var. Ancaq eyni zamanda ölkəsində iqtisadi çətinliklər üzündən iş tapmayıb normal həyat ümidi ilə mühacirət edən yeniyetmələr də az deyil…”
Proqram fərdi inkişaf, fərdlərarası əlaqənin təkmilləşdirilməsi, interaktiv rabitə və nəticələri açıqlama mövzularına həsr edilmiş 10 mərhələli söhbətdən ibarətdir. Proqramın köç probleminin gündəmdə olduğu Yunanıstan və Serbiyanın ardınca Bosniya və Herseqovinada da uğurla tətbiq edilməsi planlanırdı.
Orta Asiyadakı türk cümhuriyyətlərin iştirakçıları geniş tərkibdə (ginekoloq, psixoloq, endokrinoloq və.s) konfransın gedişində təmsil olunur, məruzə, slayd və poster sunumları, fəallıqları ilə fərqlənirdilər. Moldovadan Dr.Oksana Zavtoni, Sankt Peterburq Pediatriya İnstitutunun müəllimi Dos.Dr.İrina Gogotidze və UNİCEF Regional Ofisinin Avropa və Orta Asiya üzrə rəhbəri Prof.Ruslan Malyuta ilə konfransın gedişi ilə bağlı fikir mübadiləsi apardıq.
***
Axşamçağı mərkəzdəki Kilsə Bağına gəzməyə çıxdıq. Ağacların sıxlığı və yaşıl çəmənlər göz oxşayırdı. Keçmiş SSRİ-də ən yaşıl şəhərlər sırasında Kişinyovun da olduğunu uşaq vaxtı ensiklopediyadan oxumuşdum (ilk yeri Düşənbənin tutduğu yadımdadır). Yerli relyef və coğrafi şəraitə uyğun əkilmiş ağaclar gözəl hava ilə birgə həmahəng idi. Parlament binası və Zəfər Tağının önündə dəmir konstruksiyalar quraşdırılır və ağ rəngli çadırlar qurulurdu.
Moldovanın Milli Şərab Gününə hazırlıq gedirdi. Bu bayram hər il oktyabrın ilk həftəsinin şənbə və bazar günləri keçirilir. Təkcə Moldovadan deyil, qonşu dövlətlərdən: keçmiş Sovet İttifaqı respublikalarından və Avropadan da minlərlə şərab həvəskarı buraya axışırlar. Şərabın Moldovanın milli sərvəti olduğunu qeyd etmişdim. Vətəndaşlar bu fikirdədir ki, Fransadan sonra ən keyfiyyətli şərab Moldova üzümündən alınır. Ən yaxşı şərab firması olaraq təriflənən və brend sayılan Mileşti Miçinin şəhər mərkəzindəki satış mağazasına baş çəkdik. Vitrində bir çox məhsulla yanaşı 22 illik (1996-cı il) şərablar var idi. Öyrəndik ki, şirkətin şəhərin kənarında Xinçeşti rayonu ərazisində yeraltı şərab anbarı var. Sal döşənmiş yeraltı tunellərin uzunluğu 200 km-dən çoxdur, bunların 55 km-də şərab saxlanılır. Bu anbarda 2 milyon butulkadan çox şərab sayı ilə Mileşti Miçi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Şəhər sakinlərindən küçədə ünvan soruşduqda çox diqqətlə dinləyib, geniş izah edirdilər. Bilməyəndə də naviqasiya ilə axtarış aparıb kömək edən, eyni istiqamətə getdiyini söyləyib bələdçilik etmək istəyən, maşını ilə aparmağı təklif edən tələbəyə belə rast gəldik. Demək olar ki bir çox idarələr, otel və marketlər mərkəzə cəmləşib və soruşduqda ən çox eşidəcəyiniz kəlmə "Ştefan çel Mare” olacaq. Ştefan çel Mare - Böyük Stefan Moldovanın milli qəhrəmanı və hökmdarıdır. Moldova feodal dövlətinin əsası 1359-cu ildə I Boqdan tərəfindən qoyulsa da, ölkə siyasi və iqtisadi çiçəklənməni 1457-1504-cü illərdə oğlu Böyük Stefanın hakimiyyəti zamanı yaşayıb. Qraf Drakula kimi tanınan Vlad Tsepeşin müttəfiqi olan Stefan, 47 il hökmdarlıq edib, Osmanlı İmperiyası ilə gah savaşaraq, gah da bac-xərac yolu ilə ərazi müstəqilliyini qoruyub saxlaya bilib. Ölümündən sonra ölkəsi əldən ələ keçən Stefanı xristian kilsəsi müqəddəslər cərgəsinə daxil edib. Kilsədəki ikonalarda həvari Pavelin yanında, ön planda təsvir edilmiş hökmdara,1928-ci ildə şəhər mərkəzində ucaldılmış abidə də ümumxalq sevgisinin təzahürüdür.
Axşamüstü Puşkin küçəsində yerləşən "Salçioara”restoranına getdik. İlk pillədən kənd evi və milli atmosferi ilə tam bir muzeyi xatırladan bu yer bizi heyran etdi. İnteryer o qədər milli idi ki, hətta ofisiant qızlar belə rusca anlamaq və danışmaqda çətinlik çəkirdilər. Əsas salon ənənəvi Casa Mare (Böyük Otaq) stilində tikilib, stolların üstündəki süfrə və qaşıqlara qədər əl işi və mentalitet görünürdü. Zalın içindən otaq tipli tikililərə kiçik qapılar var. Başda ev sobası və taxt ortama xüsusi gözəllik verirdi. Bir azdan canlı musiqiçilərin gəlişi və gözəl musiqi parçalaları və yerbəyerdən alqışlar ilə ortalıq daha da energik hala gəldi. Bir sözlə, təsəvvür edilməyəcək, amma yaşanacaq dəqiqələr keçirəcəyiniz bir yer kimi tövsiyə edə bilərəm.
Bəzi qida məhsulları almaq üçün marketlərlə maraqlandıq. Pegas, Ragop, Linella kimi marketlər şəbəkəsinin ən populyar olduğunu söylədilər. Qiymətlər - toyuq əti 55-60 ley, donuz əti 70-80 ley, lülə-kabab formasında farş olan mititeylər 78-95 arası, 200 gramlıq yağ 34 ley, balıq 40 ley idi.
Son gündə Hacəttəpə Universitetinin iki poster, bir simpozium avtoreferatı və bir plenar iclas məruzəsi ilə təmsil edildiyi çıxışlar oldu. Prof.Dr.Nuray Kanburun "İcazə yaşına qədər evlilik izni verən qanunlar” mövzusundakı məruzəsi böyük marağa və dinləyicilərin çoxsaylı suallarına səbəb oldu.
Axşamüstü yollarda sabahkı şərab festivalı ilə bağlı tıxaclar olmağa və taksi sıxıntısı yaşamağa başladıq. Zəng edilən taksi firmalarından boş taksi olmadığı, digərlərinin gec gələcəyi söyləndi. 30 dəqiqəlik axtarışımdan sonra şans əsəri tapdığım, nabələd adamı taksisinə götürməkdən çəkinməyən söhbətcil Eduard 200 ley müqabilində bizi təyyarəyə çatdıracağına söz verdi. Professional manevrlər, sürətli idarəetmə və maraqlı söhbətləri ilə bizi aeroporta çatdırdı.
…Saat 23:00-da gecikən təyyarə ilə kiçik aeroportu, mehriban insanları olan bu kiçik ölkədən ayrıldıq…