Onkoloji xəstəliklərlə mübarizə səhiyyə sahəsində xüsusi yanaşma, onun müalicəsi isə həkimlərdən xüsusi diqqət və qayğı tələb edir. Müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeni diaqnostika və müalicə metodları getdikcə inkişaf edir. Bu baxımdan tibbin və texnologiyanın vəhdəti onkoloji xəstəliklərin diaqnostika və müalicəsində həkimlər üçün yeni imkanlar açır.
Tibbin onkoloji xəstəliklərlə mübarizədə nail olduğu elmi biliklərin paylaşıldığı, texnologiyanın müasir formalarının nümayiş edildiyi və eyni zamanda dünyanın bir sıra aparıcı tibb müəssisələrinin mütəxəssisləri ilə fikir mübadiləsi aparılması imkanı verən beynəlxalq tədbirlərdən biri də ABŞ-ın Nüvə Təbabəti və Molekulyar Görüntüləmə Cəmiyyətinin (SNMMI-Society of Nuclear Medicine and Molecular Imaging) hər il təşkil etdiyi illik beynəlxalq konfransdır. Tədbir həkimlərlə yanaşı əczaçı, texnoloq və fiziklərin bir araya gəlməsinə, elmi-təcrübi biliklərin və tibdə olan müasir innovasiyaların paylaşılmasına şərait yaradır.
Milli Onkologiya Mərkəzinin mətbuat xidmətindən medicina.az-a verilən məlumata görə, cəmiyyətin bu il ABŞ-ın Kaliforniya ştatının Anaheim şəhərində keçirilən konfransında ölkəmizi Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun rəhbərlik etdiyi dörd əməkdaşdan ibarət nümayəndə heyəti təmsil edib.
Dünyanın 100- dən çox ölkəsindən minlərlə nümayəndə heyətinin iştirak etdiyi konfransın açılışında SNMMI-in rəhbəri, Yuta Universitetinin professoru, ABŞ Nüvə Təbabəti və Molekulyar Görüntüləmə cəmiyyətinin prezidenti Satoşi Minoşima çıxış edib. Konfrans təşkilat komitəsinin sədri, Massaçusets hospitalının professoru Umar Mahmud və başqaları çıxış edərək tədbirin əhəmiyyəti barədə danışıblar.
Süd vəzi xərçəngi, prostat vəzi xərçəngi və beyin şişlərinin molekulyar diaqnostika və müalicəsinə həsr edilən üç elmi məqalələrdən biri məruzə, digər ikisi isə tezis şəklində olmaqla SNMMI tərəfindən təqdimat üçün qəbul edilib.
Süd vəzi xərçənginin diaqnostikasında pozitron emissiya tomoqrafiya müayinəsi haqqında məqalə iştirakçılara tezis şəklində təqdim olunub.
Regionda və MDB məkanında yalnız ölkəmizdə istifadə olunan prostat vəzi xərçənginin hədəfə yönəlmiş radionuklid müalicəsində istifadə olunan Ac225-PSMA radiofarmasevtik dərman vasitəsinin istehsalı və keyfiyyətinin təyininə dair məqalə tezis şəklində nümayiş etdirilib.
Tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun beyin xərçənginin erkən diaqnostika və müalicəsi ilə əlaqədar qəbul edilmiş məqaləsi məruzə şəklində dinlənilib və ən yaxşı beynəlxalq elmi məqalə mükafatına layiq görülüb.
Cəmiyyətin növbəti konfransının gələn il iyunun 13-dən 16-dək ABŞ-ın Luiziana ştatının Nyu-Orlean şəhərində keçirilməsi nəzərdə tutulub.