Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanlı həkimdən unikal əməliyyat - Pasiyentin boynunda 10 il qalmış iynə çıxarıldı - VİDEO

  • 2019.09.19 14:12
  • 4079 Baxış
Azərbaycanlı həkimdən unikal əməliyyat -  Pasiyentin boynunda 10 il qalmış iynə çıxarıldı - VİDEO
Azərbaycan otorinolarinqoloqu, qulaq-burun-boğaz və baş-boyun cərrahı, uzman doktor Elnur Əkbərov unikal əməliyyat reallaşdırıb. 



Medicina.az xəbər verir ki, cərrah on il öncə damaq badamcıqlarının çıxarılması, yəni tonzillektomiya əməliyyatı zamanı xanım pasiyentin boyun nahiyəsində qalmış, uzunluğu 2 sm. olan iynənin fraqmentini xaric edib.



Həmin pasiyent report-a açıqlamasında 2009-cu ildə keçirilən əməliyyat nəticəsində sağlamlığında problem yarandığını bildirib: "Həkimə müraciət elədim, boğaz ağrıları ilə bağlı mənə tonzillektomiya əməliyyatı məsləhət görüldü. Noyabrın 9-da əməliyyat olundum, amma ağrıların heç biri keçmədi. Əməliyyatın çox çətin və ağır keçdiyini söylədilər. Uzun müddət sağalmadığımı görüb dəfələrlə həkimə müraciət etmişəm. Sonra boğazımda iynə qaldığı aşkar olunub. 2009-2019-cu illərdə bir çox həkim axtarışında olduq, bir çoxu bunu boynuna götürmədi. Türkiyəyə, İsrailə də müraciət elədik, qeyri-mümkün kimi göstərdilər, ağır əməliyyat olduğunu dedilər. Nəhayət, 2019-cu ildə Elnur doktoru tapdıq. 2019-cu il avqustun 3-də əməliyyat oldum və bu gün artıq bir aydan çoxdur özümü çox yaxşı, rahat hiss edirəm”.



E.Əkbərov isə tonzillektomiyanın elə də bəsit əməliyyat olmadığını deyib: "Əməliyyat çox vaxt yerli keyləşdirmənin köməyi ilə uyğun olmayan ambulator şəraitdə icra olunur. Amma əməliyyat xüsusi bacarıq tələb edir. Belə ki, pasiyent 2009-cu ildə reallaşan tonzillektomiya əməliyyatı zamanı sağ damaq badamcığı yatağından qanaxma kimi fəsad yaşayıb. Qanaxmanı dayandırmaq üçün əməliyyat yarası daxilində tikilmə yoluna əl atılıb. Bu prosedur zamanı iynə qırılaraq boyunun yumşaq toxumalarında qalıb. Əməliyyat dörd saat davam edir, qanaxma dayandırılır, amma qırılmış iynə aşkarlanmır. Əməliyyatdan sonrakı dövrdə pasiyentin sağ boyun nahiyəsində, xüsusilə udqunma və boyun bükülməsi hərəkəti zamanı ağrıların olduğu qeydə alınıb. Lakin həmin dövrdə müalicəni aparan personal radioloji müayinədə hər hansı bir problem aşkarlaya bilməyib, pasiyentə problemin subyektiv olduğu deyilib”.


Otorinolarinqoloq yad cismin təsadüfən aşkarlandığını söyləyib: "Təsadüfən diş müayinəsi zamanı kompüter tomoqrafiyasının köməyi ilə boyunda tikiş iynəsi aşkarlanır. Beləliklə, mövcud şikayətlərin boyunda qalmış tikiş iynəsinin bir hissəsindən qaynaqlandığı sübut olunur. Çoxsaylı müraciətə baxmayaraq, bir çox mütəxəssis əməliyyatın riskli olduğunu bildirib. Əməliyyat heç bir yerdə icra olunmayıb. Bizə müraciət edən pasiyentin təkrar kompüter tomoqrafiyası yad cismin boyunda hələ də mövcud olduğunu və təhlükəli bölgədə yerləşdiyini təsdiqləyib. Pasiyentə ağızdan keçmə ilə transoral farinqotomiya icra edilməklə yad cisim aşkarlanaraq xaric edilib. Əməliyyat müddətində və əməliyyatdan sonrakı dövrdə hər hansı bir çətinlik olmayıb, pasiyent tam sağalana qədər həkim nəzarətində saxlanılıb”.