Kəskin işemik beyin insultu xəstələrinin damardaxili operativ müalicəsində istifadəsi nəzərdə tutulan yeni layihənin ilkin praktik sınaqları uğurlu olub.
Bu barədə Oxu.Az-a layihənin ideya müəllifi Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev məlumat verib.
O bildirib ki, layihənin inkişafı üçün səy göstərən digər həmmüəllif həmyerlimizlə birgə çalışan tibb elmləri doktoru, almaniyalı alim Mixael Şönfelddir:
“İşemik insultlar zamanı beyindən trombun çıxarılmasında istifadə olunacaq bu yenilik dünyada ilkdir və bu, müalicə konseptində ciddi uğur hesab edilir. Hazırda Avropada beyin əməliyyatlarında tətbiq olunacaq alətin patentləşdirilməsi ilə bağlı proses yekunlaşmaq üzrədir.
Onu da bildirim ki, alman şirkətlərindən biri sözügedən məhsulun istehsalını həyata keçirmək üçün mənimlə və M.Şönfeldlə razılığa gəlib. Bu da layihənin tətbiqində önəmli detallardan sayılır”.
O da qeyd edilib ki, artıq alətin Avropada bütün insult mərkəzlərində istifadəsi üçün CE sertifikatlaşması prosesinə də başlanılır.