Amerika Nüvə Təbabəti və Molekulyar Görüntüləmə Assosiasiyasının (SNMMİ) builki konqresi ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində keçirilib.
"Medicina" xəbər verir ki, bu dəfəki konqresdə Azərbaycandan onkoloq, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun prostat vəzi xərçənginin diaqnostika və müalicəsi üzrə tədqiqatı "Mükəmməl məqalə” mükafatına layiq görülüb.
Konqresdə mədəaltı vəzin adenokarsinomasının diaqnostika və müalicəsi üçün yeni kəşf olunan - İnteqrinlər ilə PET/KT görüntüləmə və hədəfə yönəlmiş radionuklid müalicə, eləcə də yumurtalıq və süd vəzi xərçənginin müalicə qərarına kömək edən yeni molekul olan “18F-FFT (PARPi) təqdim olunub, leykoz xəstələrinin radioaktiv Yod-131 ilə immunoterapiya müalicə taktikaları nümayiş olunub.
Bundan başqa, ilk dəfə HİV-1 virusunun (QİÇS) immun PET/KT ilə görüntülənməsi göstərilib. Artıq çəkili insanlarda beyin nikotinik asetilxolin reseptorların PET/KT ilə görüntülənməsi təqdim edilib.