İsrailin paytaxtı Telaviv şəhərində sentyabr ayının 02-06 tarixlərində 24-cü Dünya Tibbi Hüquq konqresi keçirilmişdir. Tədbir Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) tərəfindən İsrailin səhiyyə nazirliyi və Telaviv Universitetinin dəstəyi ilə Dan Telaviv otelində təşkil olunmuşdur.
Medicina.az xəbər verir ki, konqresdə məhkəmə təbabəti və tibbi hüququn ən aktual elmi və praktiki problemləri müzakirə olunmuşdur:
* məhkəmə-tibbi ekspertiza
* hüquqi məsuliyyət və risqlərin qiymətləndirilməsi
* pasiyent hüquqları və pasiyent təhlükəsizliyi
* səhiyyə qanunvericiliyi və tibbi etika
* həyatın başlanğıcında və sonunda olan hüquqi və etik məsələlər
* reproduktiv texnologiyaların hüquqi və etik məsələləri
* bioetika və insan haqqları
* ruhi sağlamlıq sahəsində hüquqi və etik məsələlər
* ictimai səhiyyə və ekoloji etika
* humanitar təbabət
* din və tibbi etika, tədqiqat etikası və hüquq
* orqan və toxumaların transplantasiyası
* genetika, etika və hüquq.
2012-ci ildən Assosiasiyanın idarə heyətinin üzvü və vitse-prezidenti olan Azərbaycanlı alim, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professoru, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri, tibb elmləri doktoru, hüquqşünas Vüqar Qurban oğlu Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti və İcraiyyə Komitəsinin 4 üzvündən biri seçilmişdir.
Təşkilatın prezidenti, professor Tomas Noquçinin əmri ilə həmyerlimiz həmçinin Assosiasiyanın Təhsil komitəsinin rəhbəri təyin olunmuşdur ki, komitədə o, Böyük Britaniya, Kanada, Belçika, Peru, Avstraliya, Nigeriya, İsrail, Rusiyadan olan professorlarla birgə dünyanın bir çox ölkələrində tibbi hüquq və bioetika sahəsində təhsil proqramlarının inikişafına, həkim və tibb işçilərinin hüquqi və etik hazırlığının yüksəlməsinə layihələr həyata keçirəcəklər.
2019-cu ildən professor Məmmədov Haaqada BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində DTHA-nı və ölkəmizi təmsil etməyə səs toplamışdır. Sevindirici hallardan ən əsası odur ki, konqresdə Azərbaycanı tək alimlərimiz deyil, həm də Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri də çox səviyyəli təmsil etmişlər.
Xatırladaq ki, 25-сi Dünya Tibbi Hüquq Konqresi 2019-cu ilin 06-08 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində DTHA tərəfindən Tokio və Vaseda Universitetlərinin dəstəyi ilə keçiriləcəkdir.