“Bu gün Azərbaycanda dərman sənayesinin inkişafına mühüm təkan verə biləcək bir layihəyə start verildi”.
Medicina.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sosial şəbəkədəki şəxsi səhifəsində yazıb.
Komitə sədri bildirib ki, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Pirallahı Sənaye Parkında müasir texnologiyalara əsaslanan, ilkin investisiya dəyəri 35 mln.$ və ilk mərhələdə illik istehsal gücü 35 milyon qutu təşkil edəcək yeni əczaçılıq məhsullarının istehsalı zavodunun tikintisi ilə bağlı Azərbaycan İnvestisiya Şirkəti və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında tərəfdaşlıq və birgə iştirak müqaviləsi imzalandı. “Qardaş ölkə ilə birgə iqtisadi layihələrin həyata keçirilməsi iqtisadi cəhətdən vacibdir, təqdirəlayiq haldır.
İnanırıq ki, ölkəmizdə dərman vasitələrinin istehsalı onların qiymətinə, keyfiyyətinə və əlçatanlığına müsbət töhfə verəcəkdir”-T.Mirkişili ardınca bildirib.