"Dənli bitkilərdə pas xəstəliyinin 3 növünə rast gəlinir: xətli və ya gövdə pası, qonur pas və sarı pas. Azərbaycanda sarı və qonur pas xəstəlikləri daha geniş yayılır və taxıla ciddi ziyan vurmaları ilə səciyyələnir”.
Bu sözləri
Medicina.az saytına açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis müavini Şükür Əhmədov bildirib.
Sarı pasın törədicisinin Puccinia striformis West göbələyi olduğunu deyən Ş.Əhmədov qeyd edib ki, xəstəlik dağlıq və dağətəyi bölgələr üçün daha çox xarakterikdir: "Xəstəlik dənli bitkilərin əksəriyyətində aşkar olunsa da, buğda üçün daha təhlükəlidir. Bitkinin əsasən yarpaqlarında, yarpaq qınlarında, bəzən gövdə, mil oxu, sünbül pulcuqlarında müşahidə olunur. Xəstəlik dağlıq və dağətəyi rayonlar üçün daha xarakterikdir. Əkinçilik Elmi-Tədqiqat İnstitutunda bu xəstəliyə qarşı yüksək davamlı, məhsuldar yumşaq buğda sortları yaradılıb. Xəstəlik dənli bitkilərin əksəriyyətində müşahidə olunsa da, buğda üçün daha təhlükəlidir. Patogen yarpaqlarda, yarpaq qınlarında, bəzən gövdə, mil ox, sünbül pulcuqlarında meydana çıxır”.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının təbii iqlim şəraiti sarı pas xəstəliyinin erkən yazda və hətta payızda da inkişaf etməsi üçün əlverişli hesab olunur: "Xəstəliyin səciyyəvi əlaməti bitkinin yarpaqlarının üst hissəsində uzununa sarı rəngdə 1-2 sm uzunluğunda 0.5-1.0 mm enində nazik xətvari ləkələrin (pustulların) əmələ gəlməsidir. Həmin ləkələr xəstəlik törədicisi inkişaf etdikcə böyüyür və yarpağın epidermisi altında olan pustullar dağılaraq açıq sarı rəngli spor kütləsi (uredinosporlar) xaricə tökülür. Uredosporlar deyilən bu konidlər toz şəklində yayılaraq ətrafda olan sağlam bitkiləri də sirayətləndirir. Yaz aylarında xəstəlik əvvəlcə aşağı, sonra isə üst yarus yarpaqlarda əmələ gəlir. Çiçəklənmə anı və ya süd yetişmə dövründə yarpaqların əhəmiyyətli bir hissəsi saralır, quruyur və tökülür. Müəyyən yoluxma faizində tarla tamamilə rəngini dəyişir. 2013-2016-cı illərdə Şəki-Zaqatala bölgəsində aparılmış tədqiqatlarla müəyyən olunub ki, sarı pasın törədicisinin böyümə və inkişafı üçün 13,80C temperatur və 85,0% nisbi rütubət optimal hesab olunur. 200C-dən yuxarı temperaturda göbələyin inkişafı zəifləyir. Bu bölgədə aprel və may aylarında, temperatur gündüzlər 18-230C olmasına baxmayaraq, gecələr 130C-yə, yaxud ondan da aşağı düşməsi göbələyin inkişafını zəiflədə bilmir. Respublikamızın təbii-iqlim şəraiti sarı pasın erkən yazdan, hətta payızdan inkişaf etməsi üçün əlverişli hesab olunur”.
Şükür Əhmədov qeyd edib ki, xəstəliyə qarşı vaxtında mübarizə tədbirləri aparılmadığı halda yarpaqların assimilyasiya səthinin kiçilməsi səbəbindən sünbüllərdə dəndolma prosesi normal getmir, dənlər cılız olur və dənin ümumi kütləsi aşağı düşür: "Əgər respublikada taxıl sahələrində sarı pas epifitotiya xarakteri almış olarsa, bu məhsuldarlığın aşağı düşməsinə və uyğun olaraq qiymətə də təsir göstərə bilər”.
Sarı pas xəstəliyinə qarşı mübarizə tədbirlərinin aparılması qaydaları barədə də məlumat verən DFX rəsmisi vurğulayıb ki, yüksək aqrotexniki, aralıq sahib bitkilərinin məhv edilməsi, davamlı sortlardan istifadə və növbəli əkinə əməl edilməsi vacibdir: "Bu xəstəliyə qarşı kimyəvi mübarizə tədbirləri xəstəliyin ilkin simptomları müşahidə edildikdə, yəni boruyaçıxma mərhələsində aparılmalıdır. Kimyəvi mübarizədə alto super (0,5 l/ha), reks duo (0,5 l/ha və 1,0 l/ha), tilt (0,5 l/ha), impakt (0,4 l/ha), propivar (0,5 l/ha), oblate (0,6 l/ha), komore 300 (0,4 l/ha), kükürd tərkibli tiovit-djet (8 kq/ha) fungisidlərindən biri ilə çiləmələr aparılmalıdır. Kimyəvi mübarizədə işçi məhlul 300 litr su götürülməlidir”.
Ayna Məmmədova
Medicina.az