Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanın ən qocaman həkimi: 101 yaşı var - “Şam işığında əməliyyat eləmişəm”

  • 2018.12.19 15:22
  • 12589 Baxış
Azərbaycanın ən qocaman həkimi: 101 yaşı var -  “Şam işığında əməliyyat eləmişəm”
Respublikanın ikinci dərəcəli peşəkar cərrahı, travmatoloq, "Əməkdar həkim” fəxri adına layiq görülən Həsənağa Əliyev oxu.az saytına müsahibə verib.

 

Medicina.az Azərbaycanın 101 yaşlı ən qocaman həkim-cərrahı ilə söhbətin oxucular üçün də maraqlı olacağını nəzərə alaraq təqdim edir:

 


- Yaxşı olar ki, söhbətə elə tanışlıqdan başlayaq. Həsənağa müəllim bir az sizi tanıyaq.


- 1918-ci il may ayının 5-də Neftçala rayonunda ziyalı ailəsində anadan olmuşam. 1936-cı ildə orta məktəbi rayonumuzda bitirib, 1939-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşam.


1947-ci ildə universiteti bitirdikdən sonra Neftçala xəstəxanasında həkim kimi fəaliyyət göstərmişəm. Daha sonra Salyanda, eləcə də, Bakıda bir çox xəstəxanalarda həkim-cərrah kimi işləmişəm.101 yaşım var, ömrümü insanların sağlamlığına həsr etmişəm.


- Niyə həkim olmağı seçdiniz?


- İnsanlara yardım etməyi sevirdim. Bir insana ən yaxşı yardım etməyin yolu isə onun sağlamlığının keşiyində dayanmaqdır.


- Müəllimləriniz kim olub?


- Azərbaycanda müasir tibb təhsilinin və elminin banilərindən olan ilk azərbaycanlı alim-cərrah Mirəsədulla Mirqasımov, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri Mustafa Topçubaşov kimi insanlar mənim müəllimlərim olub. M.Topçubaşovun oğlu mənim qrup yoldaşım idi. Çoxunun adını unutmuşam, yaddaşım çox zəifləyib.

 


- Bildiyimiz qədərilə, Səhiyyə Nazirliyində şöbə müdiri kimi çalışmısınız.


- Bəli, çalışmışam. Respublikanın ikinci dərəcəli Əməkdar cərrahıyam. Yaşımdan çox cərrahi əməliyyatlar keçirmişəm. Fəaliyyətim illərində xəstələrə maksimum dərəcədə xidmət göstərməyə çalışmışam. Yeddi dəfə Moskvada ali dərəcəli həkimlərlə təlimlərdə olmuşam. Həm travmatoloq kimi çalışmışam, həm bir çox bölgələrdə baş həkim kimi fəaliyyət göstərmişəm.


- Neçə yaşınıza qədər həkim kimi fəaliyyətinizi davam etdirmisiniz?


- 1997-ci ildə öz xahişimlə işdən ayrılmışam. Vəziyyətimlə əlaqədar işimi dayandırsam da, mənə inanan, etibar edən insanlara yardım etməyə davam edirdim. Amma rəsmi olaraq dediyim tarixdən ərizə yazıb işdən ayrılmışam.


- 101 yaşınız var. Demək olar, hər cür şikayətlə rastlaşmısınız. Həkim kimi yadınızda qalan ən maraqlı hadisəni bizimlə bölüşə bilərsinizmi?


- O qədər xəstələr qəbul etmişəm, sayını itirdiyim cərrahi əməliyyatlar aparmışam. Fəaliyyətim illərimdə ölüm faktı yaşamamışam, bu, məni çox sevindirir. Ən maraqlı hadisəni xatırlaya bilmirəm, gərək üzrlü sayasınız.


Gerçəkləşdirdiyim bütün əməliyyatlar Səhiyyə Nazirliyinin arxivində qalırdı. Sonradan bilmədim, necə oldu. Mən ömür boyu xəstələr üçün çalışmışam. Gecələr səhərə kimi xəstələrin yanında qalırdım ki, təyin olunan müalicə düzgün aparılsın. Bu yaşa çatmışam, sağ olsunlar, həmkarlar gəlib yad edir.


- Neçə övladınız var?


- Üç övladım var - iki oğlum və bir qızım. Qızım Bakıda həkim olaraq çalışır. Böyük oğlum müstəntiqdir, kiçik oğlum isə kənd təsərrüfatı sahəsində çalışır.

 


- Tanınmış insanlardan yadınızda qalan kimlərin həkimi olmusunuz?


- Aktrisa Gülşən Qurbanovanı, onun atasını müalicə etmişəm. O vaxt Salyanda çalışanda eyvandan yıxılmışdı, onu əməliyyat etmişdim. Adlarını xatırlamıram, amma aktyorları, tanınmış ictimai xadimləri müalicə etmişəm.


- Həyata keçirdiyiniz ən ağır əməliyyat neçə saat davam edib?


- Vaxt olub ki, əməliyyat zamanı işıqlar kəsilib. Rayon yeri, qış günü şam işığında əməliyyatı davam etdirmişəm. İmkan verməmişəm ki, heç kim müdaxilə etsin. Dizimi quru yerə qoyub, səhərə qədər xəstənin baş ucunda gözləmişəm ki, infeksiya düşməsin, vəziyyəti pisləşməsin. İndiki kimi şəraitimiz olmayıb.


- Gənc həkimlərə nə tövsiyə edərdiniz?


- Həkim olmaq üçün ürəkli olmaq lazımdır. Bütün sahələrdə pul qazanmaq olar. Pul qazanmaq üçün həkim olmasınlar, insanlara həyatı qazandırmaq üçün vicdanla çalışa biləcəklərsə, bu ixtisası seçsinlər. 101 yaşım var, bu gün də müalicə etdiyim insanlar, həmkarlar rayona gələndə məni yada salır. Bu, mənim üçün çox qiymətlidir.