Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanın baş psixiatrını tanıyaq - Məşhur aktyorun nəvəsidir

  • 2023.05.10 11:21
  • 5733 Baxış
Azərbaycanın baş psixiatrını tanıyaq  - Məşhur aktyorun nəvəsidir
2007-ci ildən etibarən Azərbaycanın baş psixiatrı professor Gəray Gəraybəylidir. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin psixi sağlamlıq üzrə milli koordinatorudur.

“Medicina” baş psixiatr barədə geniş məlumatı təqdim edir.

Gəray Çingiz oğlu Gəraybəyli 1967-ci ildə Bakı şəhərində anadan olub.

1984-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub,1992-ci ildə fərqlənmə diplomu ilə bitirib.

O, 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışıb.

1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə professor elmi adına layiq görülüb.

2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır.

60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik, 3 metodik tövsiyənin, 4 tətbiqetmə aktının və 1 səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqresslərdə elmi məruzələrlə çıxışlar edib.




16 iyun 2014-cü il tarixində “Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Qeyd edək ki, o psixiatr kimi indiyə q ədər psixiatrik xəstələri qəbul edir və müalicə ilə də məşğul olur.

2016-cı il tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Maraqlı fakt: Gəray Gəraybəyli məşhur aktyorumuz Ağasadıq Gəraybəylinin nəvəsidir.

Özü ailəlidir, 2 oğlu var. Oğlunun biri Ağasadıx Gəraybəylinin adını daşıyır.

Psixiatr müsahibələrində babası, uşaqlığı və niyə psixiatriyanı seçdiyini belə açıqlayıb.

"Mən babamın məşhurluğunu, dünyadan köçəndən sonra bildim. Mənim üçün babam sadəcə çox səmimi, məni çox istəyən, yaxın dostum olub. Rəhmətlik babam çox istəyirdi ki, mən onun addımlarıyla gedim. Mənim də teatrla müəyyən qədər əlaqəm vardı. Səhər valideynlərim işə gedirdi və mən babamla qalırdım. Çox vaxt babam məni teatra məşqlərə aparırdı. Mən səhnə arxası həyatı, məşhur adamları görürdüm.


Babamın altı nəvəsi vardı. Mən həm oğul nəvəsi idim, həm də bir yerdə yaşayırdıq, çox yaxın idik. Mən hiss edirdim ki, babam onun yolunu davam etdirməyimi istəyirdi. Nənəm isə istəmirdi. Deyirdi ki, "Bir aktyorumuz var bəsdir, uşağı bədbəxt eləmə!”. Bilmirəm o, nəyə görə belə deyirdi.

Sonra, hardasa 8-9-cu sinifdə oxuyarkən tibb elminə marağım yaranmağa başladı. Bibim qızı Tibb Universitetinə daxil olarkən monun anatomiya, farmakologiya kitablarını vərəqləməyə başladım və tibb elminə maraq yarandı. Psixiatriyaya gəlməyimin əsas səbəbkarı isə rəhmətlik Ağabəy Sultanovdur. Ağabəy müəllimin mühazirəsi mənə o qədər təsir etdi ki, nevrologiya, ya da psixiatriyanı seçəcəyimi qərara aldım.

Psixiatriyanın seçilməsində yəqin ki, babamın da rolu var. Çünki psixiatriya sırf bir tibbi fənn olsa da, psixiatrın işi yaradıcılıq da tələb edir. İstər mühazirənin oxunmasında, istərsə də xəstə ilə münasibətdə, bəzən sən hansısa bir rola girməlisən. Misal üçün, xəstə gəlib deyir ki, "Mən danışmayacağam”. Deyirsən ki, "Nəyə görə?”. Cavab verir ki, "Heç kim mənə inanmır. Məni izləyirlər. Mənim yeməyimə zəhər qatırlar”. Görürsən ki, xəstə çox qapalıdır. Ünsiyyət qurmaq olmur. Amma onunla münasibət qurmaq üçün bir neçə dəqiqəlik, 10-15 dəqiqəlik hansısa rola girmək lazım olur. Bunun üçün mən xəstəyə deyirəm ki, "Bəli, mən inanıram ki, səni izləyirlər. Səni artıq bir-iki aydır ki, izləyirlər”. Bundan sonra xəstə ünsiyyət qurmağa başlayır”.

Aygün Musayeva