Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda xəstələrə səhvən Hepatit C diaqnozunu kimlər qoyur- Analizlərə inanaq?

  • 2018.04.05 17:02
  • 22608 Baxış
Azərbaycanda xəstələrə səhvən Hepatit C diaqnozunu kimlər qoyur-  Analizlərə inanaq?

 Medicina.az Publika.az-a istinadən mövzu ilə bağlı xüsusi araşdırma layihəsini təqdim edir. 


"Zəhərlənmə ilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət etmişdim. Bir gecə qaldıqdan sonra həkim mənə yoluxucu infenksion xəstəliyin daşıyıcısı olduğumu söylədi. Analizlərimin nəticəsinə görə məndə kəskin "Hepatit C” virusunun aşkarlandığı və təcili xəstəxanada qalmalı olduğum bildirildi. İki gün davam edən narahatlıqdan sonra ailəmin təkidi ilə müxtəlif özəl klinikalarda analizlər verdim. Analizlərin nəticəsi isə 1 saylı Kliniki Tibbi Mərkəzdən tam fərqli oldu. Bir neçə özəl klinikada verdiyim analizlərin nəticəsi eyni çıxdı. Sən demə, məndə "Hepatit”lə bağlı heç bir element yox imiş. Sadəcə qarpızdan zəhərlənmişəm və bir az da qara ciyərimdə yüngül dəyişiklik baş verib. Amma bunun mənə deyilən xəstəliklə əlaqəsi belə yox imiş”.


Ötən ilin yayında bu hadisədən həm mənəvi, həm də maddi zərər görən Rza Cəfərov mətbuata müraciət etmiş və ona ailəsinə yaşatdıqları gərginliyə görə 1 saylı Kliniki Tibbi Mərkəzi məhkəməyə verəcəyini bildirmişdi.


Son vaxtlar Hepatit C ilə bağlı diaqnozda bu yanlışlıqları tez-tez yol verilir. Xəstə bir klinikada virusa yoluxduğunu öyrənir, digər klinikanın nəticəsi əksini deyir. Bu çaşqınlıq analiz silsilələrinin yaradır ki, bu həm psixoloji sarsıntı, həm də maddi itki deməkdir. Problem yalnız dövlət deyil, özəl klinikalarda da müşahidə edilir. Yanlış diaqnozun nə demək olduğunu öyrənmək üçün əvvəlcə xəstəlik barədə məlumatı oxuyaq.


Qısa arayış: Hepatit C (HC) qaraciyər hüceyrələrini zədələyən virus mənşəli iltihabi xəstəlikdir.


Zəiflik, iştahasızlıq, ürəkbulanma, qusma, əzələ, oynaq ağrıları, qaraciyər nayihəsində gərginlik, davamlı və ya arabir dəri və gözlərin saralması, dəridə qaşınma kimi əlamətlərlə özünü göstərən Hepatit C-dən dünyada 200 milyona yaxın insan əziyyət çəkir. Azərbaycanda isə Hepatit C diaqnozu qoyulan xəstələrin sayı barədə ayrıca statistika yoxdur. Dövlət Statistika Komitəsinin viruslu hepatitlərə bağlı açıqladığı rəqəmlərdən bəlli olur ki, 2000-ci ildə 2381 nəfər qeydə alınıbsa, sonrakı illərdə bu sayda azalma müşahidə edirik. 2013-cü ildə 524, 2014-cü ildə 435 nəfərə, son məlumat olaraq 2015-ci ildə 329 nəfərə viruslu hepatit diaqnozu qoyulub. Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyaya 2 ildə 7 minə yaxın insan dərmanla təminat üçün müraciət edib. Onlardan 2/3-si Hepatit C, 1/3-i Hepatiti B-dir.


Amma Hepatit C olduğunu bilmədən yaşayan yüzlərlə insan var ki, çoxu da bunu təsadüf nəticəsində öyrənir.


Hepatit C-yə yoluxanların 70 faizində xəstəlik xroniki hala keçir və tədricən serroza çevrilə bilir.


Serrozlu xəstələrin 2-4 faizində qaraciyər xərçəngi müşahidə olunur. Belə xəstələr mütləq müalicə olunmalıdır, bu zaman antiretrovirus müalicə üsulu tətbiq olunur. Bu müalicə uzun çəkir və çox bahalıdır.

Hepatit C isə o qədər dəyişkən virusdur ki, ona qarşı peyvənd yoxdur. Bu xəstəlik cinsi yolla da keçdiyi üçün nikaha daxil olmamışdan qabaq yoxlanmaq lazımdır, cinsi əlaqələr nizamlı olmalıdır. Yaxşı olar ki, qadınlar hamiləlik dövründə yox, əvvəlcədən müayinədən keçsinlər. Çünki hamilə qadının xəstəliyi uşağına ötürmə ehtimal az da olsa, mümkündür. Virusa yoluxmanı öyrənmək üçün verilən analizin ən ucuzu 20 manatdan başlayır, 150 manata qədər yüksələ bilir.


Nə üçün səhv diaqnoz qoyulur?


Xəstəliyin nəticələri və müalicə xərclərinin yüksək olmasını nəzərə alaraq bu diaqnozun qoyulmasında nə qədər diqqətli yanaşmanın tələb edildiyini anlayarıq. Təəssüf ki, son vaxtlar xüsusən də, özəl klinikalarda bu diqqəti görmək olmur.


Hər klinikada bir cavabın verilməsi yerli həkimlərə və tibb müəssisələrinə inamı azaldır, nəticədə insanlar adi analizlər üçün belə xaricə üz tuturlar. Lakin müasir avadanlıq və laboratoriyalarla təchiz edilən klinikalarda belə səhv diaqnozun necə qoyulması şübhə yaradır. İlkin versiyalara görə, səbəb reaktivlərlə bağlıdır. Xüsusən də, son bir ildə manatın dollar nisbətdə dəyər itirməsi özəl klinikaların keyfiyyətdən daha çox kəmiyyətə üstünlük vermələrinə səbəb olub. Nəticədə vaxtı ötmüş, keyfiyyəti aşağı olan reaktivlə yanlış nəticələr əldə edilir.


İlk baxışda bu fikirlər ağlabatandır. Axı başqa nə səbəb ola bilər?


Versiya nə qədər inandırıcı olsa da, səbəbi biz yox mütəxəssislər daha yaxşı bilər. Ona görə də də üz tutduq bu işin bilicilərinə. İlk müraciət edəcəyimiz ünvan Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədri, professor Murad Məmmədov oldu.


M.Məmmədov hepatitlərlə bağlı yanlış diaqnoz barədə ilk dəfə bizdən eşitdiyini desə də, səbəbin laboratoriyalarda analizlərin doğru aparılmaması ilə əlaqələndirilməsini qəbul etmədi: "Laboratoriyalar o qədər müasirləşib ki, səhv nəticənin əldə edilməsi mümkün deyil. Reaktivlər hamısı strandartdır, keyfiyyəti də eynidir. Reaktivə görə heç kim səhv diaqnoz qoya bilmir”.


Onun sözlərinə görə, səhv diaqnoz yalnız həkim səhvi ola bilər: "Həkimlər əks-cisimlərin sayına baxaraq diaqnoz qoyurlar. Onlar nəticəni yaxşı oxuya bilmədiklərindən səhv edə bilirlər. Sonra yenidən virusu yoxlayanda məlum olur ki, Hepatiti C deyil. Bu o deməkdir ki, bir vaxtlar hepatit virusu olub, sonra keçib, indi isə həmin şəxs sağlamdır. Ona görə də, növbəti diaqnozda hepatit aşkarlanmır. Bu analiz, yox həkimin səhvidir. Yanlız ikinci müayinədən sonra isə dəqiq diaqnoz qoyula bilər”.


Onun sözlərinə görə, bu sahənin gəlirli olması ginekoloqdan tutmuş göz həkiminə qədər hər kəsi hepatitin müalicəsi ilə məşğul olmağa həvəsləndirib: "Bir daha qeyd edirəm ki, səhv diaqnozda yeganə problem bu sahə ilə savadsız həkimlərin məşğul olması ilə bağlıdır. Xəstə həkimin ixtisası ilə maraqlanmalıdır. Bizdə yaxşı mütəxəssislər hepatitlə uzun müddət məşğul olmayıblar. Son 10 ildir bu sahə ilə işləməyə başlayıblar, lakin bu müddət də yetərli deyil. Xəstələr bilməlidir ki, hepatitləri yalnız qastroenteroloqlar müalicə etməlidir, başqa həkim yox. Ginekoloq da, göz həkimi də müalicə edə bilər, çünki o da həkimdir. Amma onlar bu sahədən çox uzaqdırlar”.


Həkim bir daha xəstələrə xəbərdarlıq etdi ki, virusa yoluxma hələ xəstə olmaq demək deyil: "Hepatit C şişirdilməli problem deyil. İnsan ilk növbədə təşvişə düşməməlidir”.

 


Analizlər uyğunsuz ola bilər...


Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının professoru, qastroenteroloq Nuru Bayramov bu məsələdə həkimləri günahkar saymır. Onun sözlərinə görə, Hepatit C-ni müəyyən etmək üçün 3 cür analiz var ki, onların nəticələrinin bir-birilə uyğun gəlməməsi normaldır: "Adətən, ölkəmizdə Hepatit C başqa bir xəstəlik, əməliyyatdan əvvəl aparılan kart-testlər nəticəsində aşkarlanır. Bu analiz nəticəsinin dəqiqlik göstəricisi yüksək deyil. Nəticənin müsbət və mənfi olmağından asılı olmayaraq doğruluq payı 80 faizi aşmır. Ona görə də kart-test-də Hepatit C olduğu deyilirsə, ikinci İFA (immunokonservant analiz) analizi edilir. Çox zaman məhz bu testdən sonra Hepatit C çıxmır, ona görə də insanlar əvvəlki klinikanın yanlış diaqnoz qoyduğunu düşünür. Lakin İFA testində də Hepatiti C çıxarsa, yekun diaqnoz qoymaq üçün PZR (polimeraz zəncirvarı reaksiya) üsulu ilə dəqiqləşdirilir. Bu zaman Hepatit C görünməzsə, bu bir vaxtlar xəstənin virusla qarşılaşdığını, lakin xəstə deyil, antigen daşıyıcısı olduğunu göstərir. Bu xəstələri sağalmış hesab edirik. Hepatit C xəstələrinin 20 faizi xronikiləşmədən sağala bilir. İFA-da virusun çıxıb, PZR-də görünməməsinin səbəbi yanaşı xəstəliklərin olması ilə bağlıdır. Bir qrup insanlarda yanlış nəticələr ola bilər. Ona görə də dəqiqləşdirici müayinə üçün PZR müalicəsi mütləqdir”.


Həkim bildirir ki, bütün xəstələrə birinci mərhələdən PZR müayinəsi edilməsi həm tibbi, həm də maddi baxımdan uyğun olmadığından bu prosesin mərhələli aparılması dünyada qəbul edilmiş standartdır: "Əməliyyata hazırlaşan xəstələrin hər birini PZR analizinə məcbur etmək olmaz. İlk növbədə bu analizlərin cavabı 7-10 günə hazır olur, ikincisi, qiyməti digərlərindən bahadır. Xəstəni hər dəfə bahalı analizə göndərmək olmaz. Kart-testlərlə isə uzağı bir saata nəticəni bilmək mümkündür. Kart-test, İFA-da Hepatit C aşkarlanıbsa, qaraciyər göstəricilərini nəzərə alaraq həkim əməliyyatını edib, aidiyyəti üzrə mütəxəssisə yönləndirə bilir. Xəstədə qaraciyər narahatlığı varsa, o zaman əməliyyat etmədən hepatoloqa yönləndirməlidir. Lakin Hepatit C-yə yoluxmuş şəxsin kart-testində bunun görünməməsi də mümkündür. Sonradan başqa bir klinikada edilən İFA müayinəsində Hepatit C aşkarlana bilər. Ola bilər ki, əvvəldən xəstəlik olsun, lakin kart-test göstərməsin. Çünki bu müayinədə doğruluq payı 100 faiz deyil”.


Bunun səbəbinin reaktivlərin keyfiyyətsiz, vaxtı ötmüş olmasına gəldikdə, N.Bayramov bu əlaqələndirmənin yüz faiz dəqiqliyindən danışmağın çətin olduğunu dedi: "Kart-testin doğruluq imkanı 70-80 faizə qədərdir. Reaktiv keyfiyyətsiz olarsa, yanlış nəticə göstərə bilər, ancaq hər şeyi də reaktivə bağlamaq olmaz. Üsulun özünün diaqnostik imkanları var”.


Qastroenteroloq bildirir ki, kart-test, İFA testinin nəticəsində Hepatit C aşkarlanması ilə xəstəni müalicəyə cəlb etmək doğru deyil: "İnsanlar bilməlidir ki, təbabətin qaydası belədir. Birinci, ikinci analizlərdən bədbinliyə qapılmağa ehtiyac yoxdur. Bu sahədə mütəxəssislərə müraciət etmələri məsləhət görülür. Əvvəl xəstələr belə yanlışlıqlara yol verirdi, son vaxtlar xəstələrin həkimlərə araşdırdıqdan sonra müraciətini görürük”.


Reaktiv keyfiyyətsiz deyil


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova reaktivlərin keyfiyyətsiz olması fikri ilə razılaşmır: "Ölkəyə gətirilən dərman və reaktivlərin keyfiyyətsiz olmasından söhbət gedə bilməz. Səhiyyə Nazirliyi dərman və reaktivlərin idxalçısı olmasa da, ölkəyə daxil olan bu məshullar Analitik Ekspertiza Mərkəzinin laboratoriyasında yoxlanılır. Keyfiyyətsiz məhsulun satışa buraxılmasına icazə verilə bilməz”.


Səhv diaqnoz qoyulmasına gəldikdə, L.Əhmədova indiyədək nazirliyə bu barədə şikayətlərin daxil olmadığını dedi. Qeyri-ixtisas sahiblərinin Hepatiti C-ni müalicə etməsinə münasibət bildirən nazirlik rəsmisi dövlət xəstəxanalarında bu halın yolverilməz olduğunu vurğuladı: "Hepatit C xəstələrinin pulsuz müayinə, dərmanla təminatı ilə bağlı xəstələrə yardım göstərilir. Dövlət xəstəxanalarında yalnız mütəxəssislər hepatitləri müalicə edir. Özəl xəstəxanlarda isə bu cür müalicə edilməsini istisna edə bilmərik”.


Mütəxəssislərin fikirlərindən belə bəlli oldu ki, iki analizin nəticəsi fərqli ola bilər. Amma bunun fərqin həkim səhvi, ya da başqa bir haldan qaynaqlandığını bilmək üçün analizin növünə diqqət etməlisiniz. Bu yazıda isə fərqləri necə müəyyən edə biləcəyinizi mütəxəssislər açıq şəkildə izah etdilər.


Gülxar
Azərbaycanda xəstələrə səhvən Hepatit C diaqnozunu kimlər qoyur-  Analizlərə inanaq?
Azərbaycanda xəstələrə səhvən Hepatit C diaqnozunu kimlər qoyur-  Analizlərə inanaq?