Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda "Virtual diabet məktəbi"platdorması yaradıldı

  • 2021.12.09 14:13
  • 1569 Baxış
Azərbaycanda "Virtual diabet məktəbi"platdorması  yaradıldı
Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü və Novo Nordisk şirkətinin dəstəyi ilə “Virtual Diabet Məktəbi” layihəsinin təqdimat mərasimi keçirilib.


Tədbirdə əhali arasında diabetin profilaktikası və müalicəsi istiqamətində maarifləndirməni artırmaq məqsədi ilə yaradılmış onlayn platforma nümayiş olunub.

Mərasimdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, Novo Nordisk şirkətinin Yaxın Şərq, Afrika və MDB ölkələri üzrə korporativ vitse-prezidenti Emil Larsen, Danimarkanın səfiri Denni Annan, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, digər dövlət qurumlarının, səfirliklərin, beynəlxalq və qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Zaur Əliyev ölkədə 270 mindən çox şəxsin şəkərli diabetdən əziyyət çəkdiyini və dövlət tərəfindən şəkərli diabetlə mübarizə istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib: “Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində şəkərli diabetlə bağlı müvafiq tibbi xidmətlər qarşılanır. Yenidoğulmuşların şəkərli diabeti, insulindən asılı şəkərli diabet, şəkərli diabetlə bağlı ağırlaşmaların dəqiqləşdirilmiş və dəqiqləşdirilməmiş bir çox halları və digər tibbi xidmətlər stasionar şəraitdə təminata alınır”.

Sonra çıxış edən Emil Larsen layihənin prioritet istiqamətlərindən danışıb: “Bu gün təqdim olunan platforma pasiyent və onlara qayğı göstərənlərə diabetə asan şəkildə nəzarət etmə, müalicə və sağlam həyat tərzinə riayət etməni asanlaşdırmaq məqsədilə yaradılıb. Pasiyentlərin istifadədə rahatlığı və asanlığı ilə seçilən müasir elektron vəsaitlə təmin edilməsi şəkərli diabetlə bağlı maarifləndirilmənin gücləndirilməsinə xidmət edəcək, eyni zamanda həkimlərin vaxtlarının qənaət olunmasına şərait yaradacaqdır”.

Denni Annan çıxışında beynəlxalq, dövlət və özəl qurumlarının birgə əməkdaşlığının vacibliyini vurğulayıb: “Diabetli insanların həyat keyfiyyətinin artırılması üçün müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsi çox önəmlidir. Hazırda təqdimatına toplaşdığımız layihə bu cür əməkdaşlığın bariz nümunəsidir”.

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən pasiyentlərə həsr olunmuş videonun nümayişindən sonra çıxış edən Əhliman Əmiraslanov Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edən qanunvericilikdən söhbət açıb: ““Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə zəmin yaradır”.

Soltan Məmmədov isə Heydər Əliyev Fondu tərəfindən 2004-cü ildən etibarən həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi haqqında məlumat verib: “Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların insulin preparatları və şpris qələmlərlə təmin olunması istiqamətində mütəmadi olaraq yardım göstərilir. Həmçinin Fondun dəstəyi ilə sosial qayğıya ehtiyacı olan şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün psixososial reabilitasiya təşkil olunur”.

Tədbir “Virtual Diabet Məktəbi” platformasının təqdimat videosunun nümayişi, layihə haqqında məlumatın iştirakçılara çatdırılması və platforma ilə bağlı ilkin təəssüratların müzakirəsi ilə yekunlaşıb.

Məlumat üçün bildirək ki, 15 yanvar 2021-ci il tarixində Agentlik və Novo Nordisk şirkəti arasında “Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Layihənin əsas məqsədi ölkədə ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və əhalini bu istiqamətdə maarifləndirərək sağlam həyat tərzi keçirməyə sövq etməkdir.