Koronavirusun son zamanlarda ortaya çıxan yeni “Omikron” ştammı, bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük narahatlıq doğurur. Virusun yeni variantı ötən günlərdə xaricdən respublikamıza gələn şəxslərdən götürülmüş 12 nümunədə aşkar edilib.
Medicina.az xəbər verir ki, hepatoloq-terapevt Zaur Orucov media.az-a açıqlamasında pandemiya vəziyyəti və yoluxmanın yaxın aylarda necə ola biləcəyi barədə danışıb.
"Anlamaq lazımdır ki, yeni koronavirus ştamları qeyri-müəyyən müddətdə ortaya çıxmağa davam edəcək. Bu, bütün viruslara xasdır. Bu və ya digər ştammın üstünlük təşkil edəcəyini hələlik iddia etmək mümkün deyil. Biz indiyədək gözlənilmədən ortaya çıxan, hətta xüsusi adlar alan, lakin sonradan daha yoluxucu bir ştamla əvəz olunan bir neçə COVID-19 variantını görmüşük. Sadəcə “omikron” çox yoluxucudur. Ona görə də dünyanın bir çox ölkələrində çox sürətlə yayılmaqda davam edir və bununla da digərlər variantları üstələyir.
Hazırda bizdə epidemioloji vəziyyət stabildir. Lakin bir-iki həftədən sonra “omikron” özünü büruzə verəcək və vəziyyət daha da mürəkkəbləşə bilər.
Yoluxma çox yüksəlsə, səhiyyə sistemi xəstə axınının öhdəsindən gələ bilməyən kimi karantin rejimi məcburən sərtləşdiriləcək, məhdudiyyətlər zərurətə çevriləcək".