Balakəndə atalığı tərəfindən zorlanaraq hamilə qalan 12 yaşlı qız və ailənin digər üzvləri hələ ki Azərbaycan Uşaq Birliyinin himayəsindədir. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq, onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Amma bu, son həftədə ilk belə zorlama xəbəri deyil.
Medicina.az musavat.com-a istinadən
xəbər verir ki, Azərbaycanda 12 yaşında zorlanan Samirə öz həyat hekayəsini ARB TV-də yayımlanan "Düz Bazar” verilişinə danışıb. O, 12 yaşı olan zaman məktəbin ayaqyolusunda təcavüzə uğradığını bildirib:
"Hadisə məktəbin ayaqyolusunda baş verdi. Məni zorlayandan sonra üz-üzə gələndə gözlərimə belə baxmırdı. Sanki belə hadisə olmayıb. Məni tanımırmış kimi rəftar etdi. Başıma gələnləri anama danışdıqdan sonra məni qəbul etmədi. Xalamla yaşamalı oldum”.
Azərbaycanda ilk belə hadisə deyil. Az qala, hər həftə uşaq zorlanması ilə bağlı xəbərlər, zərərçəkənlərin müsahibələri mediada yayımlanır. İnsanlarımız bu hekayələri ürək ağrısı ilə oxuyur. Valideynlər bu cür bəlalı təcavüzkarlardan özlərini və uşaqlarını qorumaq üçün müxtəlif yollar düşünürlər. Qanunun bu məsələdə azərbaycanlı təcavüzkarlara qarşı həlim və daha təmkinli davrandığını düşünənlər çoxdur. Halbuki dünyanın ən demokratik ölkələrində onlara qarşı dözüm limiti sıfırlanıb.
Almaniyada cinsi cinayətlərlə bağlı qəbul edilən qanuna görə, qurbanın özünü aktiv şəkildə qoruya bilmədiyi bütün cinsi şiddət hadisələri təcavüz kimi cəzalandırılır. Belə ki, qurbanın mimika və sözlü ifadə ilə cinsi aktı istəmədiyini bildirməsi cəzalandırmaya birbaşa əsas yaradır. Qurbanın "yox” deməsinə baxmayaraq, onun istəyi xaricində edilən cinsi aktın cəzası 5 ilə qədər həbs cəzası ilə müşayiət olunacaq.
ABŞ-da isə cinsi cinayətlərlə bağlı qanuni düzənləmələr ştatlara görə fərqlilik göstərir. Amma ştatlar arasındakı fərq böyükdür. Bəzi ştatlardakı qanunlar olduqca liberal özəlliklər daşıdığı halda, bəziləri xeyli konservativdir. Kaliforniyada 2014-cü ildən bəri qüvvədə olan qanunda "Bəli, bəli deməkdir” qanunu keçərlidir. Buna görə də hər iki partnyorun cinsi akt öncəsi "hə” deməsi, ən azından mimikaları ilə razılıq verməsi vacibdir. Ancaq bu qayda hər kəs üçün keçərli deyil. Sadəcə, dövlət universitetində təhsil alan şəxsləri əhatə edir. Çünki ABŞ-da xüsusən universitetlərdə cinsi cinayətlərin faizi diqqətçəkən şəkildə yüksəkdir.
Amerikanın keçmiş prezidenti Barak Obama məhz bu mövzuda müəyyən çıxışlar etmişdi. Ağ Ev 2014-cü ilin sonunda məktəb yoldaşları tərəfindən cinsi zorlama ilə qarşı-qarşıya qalanların səssiz qalmaması üçün çağırış etmişdi.
Səudiyyə Ərəbistanda isə cinsi cinayətlər çox ağır cəzalara məruz qalır. Təcavüz cinayətinin cəzası edamdır. Amma cəzanın miqyası, təcavüz edənin evli və ya subay olmasına görə dəyişir. Evli kişilər sərt cəzalar alır. Amma Səudiyyə Ərəbistanda qurbanın təcavüz zamanı aktiv durumda olduğu təsdiqlənərsə, qurban da cəza ala bilər. Ərindən qeyri bir şəxslə görüşdüyü zaman təcavüz baş tutarsa, bu halda qadın da həbsə göndərilə və ya qamçı cəzası ala bilər. Bir çox ərəb ölkələrində təcavüz edən şəxs evli olduğu halda cəza ala bilir.
Türkiyədə isə cinsi xarakterli sözlər də cinsi istismar kimi xarakterizə olunur. Amma Türkiyədə cinsi cinayət törətmiş şəxsin cəzalandırılması üçün buna məruz qalan şəxsin şikayətçi olması vacibdir. Cinsi istismara yol verən şəxs 2 ilə qədər həbs cəzası ilə cəzalandırılır. Amma fiziki təmasın gerçəkləşdiyi cinsi istismar cinayətləri 2 ildən 10 ilə qədər həbs cəzasına layiq görülür. Cinayətkarın cəzalandırılması üçün cəhdin cinsi münasibətlə nəticələnməsi vacib deyil. Məsələn, təcavüzə təşəbbüs və ya əllə toxunmaq cinsi hücum olaraq qəbul edilir. Təcavüz isə ayrı bir kateqoriyada qiymətləndirilir və onun cəzası 7 ildən 12 ilə qədər həbsdir.
Fransada cinsi cinayətlərlə bağlı Almaniyada qəbul edilən qanun layihəsinə bənzər bir düzənləmə var. Fransadakı qanunda təcavüzün miqyası geniş tutulur. Təhdid və ya "ani” cəhdlərlə cinsəlliyə zorlayıcı hərəkətlər təcavüz kateqoriyasında qiymətləndirilir. Bunun cəzası isə 20 ilə qədər həbslə yekunlaşır. Sözlə təkrarlanan cinsi istismarlar isə yüksək pul cəzaları və 2 ilə qədər həbs cəzasını özündə əks etdirir.
İtaliyada cinsi cinayətlərlə bağlı sərtləşdirilmiş qanunun qüvvəyə minməsinin üstündən xeyli vaxt keçib. 1996-cı ildəki qanuni düzəlişlər qüvvəyə minənə qədər evlilikdəki cinsi zorakılıqlara göz yumulurdu. Amma 20 ildən artıqdır ki, evlilik içindəki cinsi zorakılıqlar da daxil olmaqla, digər zorlama xarakterli cinayətlər 10 ilə qədər həbs cəzası ilə yekunlaşdırılır.
İsveçrədə isə cinsi münasibət xaricindəki bütün arzu edilməyən cinsi davranışlar "cinsi zorlama” olaraq adlandırılır. Amma nəzərdə tutulan cəzalar eynidir: 10 ilə qədər həbs. Hər iki hadisənin gerçəkləşdiyini demək üçün də qurbanın müdafiə halında, cinayətkarın isə müqavimətə şüurlu şəkildə qarşı gəlməsi təsdiqlənməlidir. Psixoloji təzyiq də zorlayıcı hərəkətlər kimi xarakterizə olunur. İsveçrədə ümumiyyətlə, 2004-cü ildən etibarən evlilik daxilində baş tutan təcavüzlər cəzalandırılır.
İsveç qanunlarına görə, bədənin çılpaq şəkildə qoyulması 2 ilə qədər həbs cəzasını nəzərdə tutur. Müdafiəsiz vəziyyətdə olan bir insandan - sözügedən şəxs yuxuda və ya narkotikin təsiri altında olanda - faydalanmaq təcavüz olaraq qiymətləndirilir. 2013-cü ildə dəyişdirilən bir qanunla qorxduğu üçün özünü qoruya bilməyən və ya uyumu pozmamaq təzyiqi altında qarşı-qarşıya gələn insanlara yönəlmiş cinsi aksiyalar da artıq təcavüz olaraq qiymətləndirilir.