Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqların koronavirusdan peyvənd olunması zəruriliyini etiraf edib. Sənədə əsasən uşaqlar COVID-19 riski olan qrupunda olmadığından, peyvənd kampaniyası tədricən olmalıdır.
Bəs koronavirus vaksini uşaqlar üçün təhlükəlidirmi?
İnfeksionist Mərdan Əliyev Bakupost.az -a açıqlamasında bildirib ki, vaksinlərin uşaqlara vurulması ilə bağlı heç bir təhlükə yoxdur:
“Bu günə qədər 18 yaşdan böyük şəxslərə vaksin vurulması tövsiyə olunurdu. Çünki təcili şəkildə, sürətli vaksinasiyaya ehtiyac var idi. Uşaqlar isə koronavirusu çox yüngül keçirirlər. Əksər hallarda temperaturları belə olmur. Olsa da 1 günlük qızdırma olur. Hətta uşaqlar bu xəstəliyi qripdən daha yüngül keçirirlər. Əvvəllər uşaqlara vurulmasında hansısa zərurət yox idi. Amma belə bir məsələ var ki, bağçaların, məktəblərin açılmasından sonra birlikdə vaxt keçirdikləri üçün biri yoluxarsa, digəriləri üçün də risk yaranır. Onlar arasında da yoluxma daha sürətlə gedə bilər. Bu isə təhsilin keyfiyyətini aşağı salır. Yəni bu ümumi problemdir.
Buna görə də uşaqların vaksinasiya olunmasının heç bir problemi yoxdur. Uşaqlarda da vaksinlərin təhlükəsizliyi barədə müəyyən qədər sübutlar var. Ümumiyyətlə, vaksinlər bir sıra təhlükəli xəstəliklərin qarşısını alır. Ona görə də koronavirus peyvəndləri uşaqlar üçün də istifadə edilə bilər”.
Pediatr Vaqif Qarayev isə uşaqlara vurulacaq vaksinlərin sınaq mərhələsində olduğunu deyib:
“Məlumata görə, 12-15 yaşlı uşaqlara “Pfizer” vaksini vurulacaq. Amma hələlik sınaq mərhələsindədir. Uşaqlara vurulub-vurulmaması ilə bağlı dəqiq qərar yoxdur. Yəqin ki, sınaq nəticələrindən sonra ona uyğun qaydada qərar verilər”.
Radioloq Aydın Əliyev də uşaqların vaksinasiyası ilə bağlı ÜST-ün etirafını dəstəkləyir:
“ÜST-ün bu barədə verdiyi açıqlamanı düzgün hesab edirəm. Peyvəndin uşaqlar üçün heç bir təhlükəsi yoxdur”.