"Azərbaycanda 1992-1993-cü illərdə yeni hər min nəfər diri doğulan uşağın bir yaşa çatanadək 30 nəfəri tələf olurdu. Ötən müddətdə uşaq ölümünün 3 dəfəyə qədər azaltmağa nail olmuşuq”.
Bunu Medicina.az saytına müsahibəsində tibb elmləri doktoru, professor K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib.
Baş pediatr deyib ki, tibdə bu göstərici promille, yəni mində birlə ölçülür: "Yaxşı xatırlayıram ki, Azərbaycanda 1992-1993-cü illərdə il ərzində tələf olan uşaqların sayı 5-6 min nəfər həddinə çatırdı. Amma bu gün ölkədə doğulan uşaqların 1 yaşına çatana qədər hər min nəfərindən cəmi 11-i tələf olur. Bu gün Azərbaycanda 5 yaşına qədər uşaqlar arasında ölüm göstəricisi 13,2 promilledir. Bunun 11,2 promillesi 1 yaşına qədər olan uşaqlardır. Bir yaşdan beş yaşa qədər uşaqlar arasında ölüm göstəricisi çox cüzidir, cəmi 2,2 promille təşkil edir”.
N. Quliyev nəzərə çatdırıb ki, Azərbaycanda 5 yaşına qədər uşaqlar arasında ölüm göstəricisi 13,2 promilleyə çatdırılması son hədd deyil: "Bu göstərici bizim tam qane etmir. Çünki Avropanın elə inkişaf etmiş ölkələri var ki, bu göstərici min nəfərdə 5,6 nəfərə, yəni tək rəqəmli göstəricilərə gəlib çatır. Bizim də qarşımızda duran əsas məqsəd yaxın gələcəkdə buna nail olmaqdır”.
Baş pediatr uşaq ölümlərinin səbəbləri ilə bağlı aparılan araşdırmalartdan da söz açıb: "Araşdırma zamanı da məlum olur ki, 1 yaşına qədər uşaqlar arasında ölüm göstəricisinin ¾-ə yaxını yenidoğulma, çağalıq dövrünə təsadüf edir. Bununla bağlı da dövlətimiz, səhiyyəmiz mümkün olan bütün vasitələrdən istifadə etməklə bu problemi aradan qaldırmaq istəyir. Bu, təkcə Azərbaycanda belə deyil. Dünyanın əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində belədir. Körpə ölümünün böyük hissəsi yenidoğluma, perinatal dövrə təsadüf edir. Bununla əlaqədar da Azərbaycanda silsilə tədbirlər davam etdirilməkdədir. Mən əminəm ki, biz yaxın gələcəkdə bu sahədə də böyük uğurlara nail olacağıq.Dövlət Proqramları ilə yanaşı Səhiyyə Nazirliyi ardıcıl əmr və təlimatlar da hazırlayıb tətbiq etməkdədir. Keçən ilin oktyabr ayında Azərbaycanda uşaq ölümünün azaldılması ilə bağlı səhiyyə nazirinin əsri imzalanıb. Əmrə müvafiq olaraq geniş tədbirlər planı mövcuddur. Bu tədbirlər də bu gün davam etməkdədir. Bizim məqsədimiz ölkədə ana və uşaqlar arasında xəstələnmə və ölüm göstəricilərini azaldaraq Avropanın ən inkişaf etmiş ölkələri ilə bir səviyyəyə çatdırmaqdır”.
N. Quliyev yenidoğulma dövründə baş verən xəstələnmə, ölüm halları sırasında cərrahi doğuşların, qeysəriyyə əməliyyatlarının sayının artması və uşaqlarının ana südündən məhrum edilməsinin də çox ciddi rol oynadığını vurğulayıb: "Halbuki biz bunlardan uzaqlaşa bilərik. Əgər ana öz körpəsinə süd verərsə, bu problemin biri həll oluna bilər. Yaxud doğuş prosesi təbii yolla aparılarsa, süni yolla aparılmazsa, bu problem də aradan qaldırılar. Təəssüf ki, bu, tək tibb işçilərinin gücü çərçivəsində deyil. Bütün analara hökm edə bilmirik. Təbiətin elə qanunu var ki, onu pozanda təbiət cəza verir, qisas alır. Məsələn, insandan başqa elə canlı tapmaq olmaz ki, dünyaya bala gətirsin və ona başqasının südünü versin. Biologiyada belə bir qanun var. Orada göstərilir ki, hər bir canlının öz balası üçün hasil etdiyi qida maksimum spesifik və maksimum adekvatdır. Yəni həmin qida öz balasından başqa heç bir canlının balasına uyğun gəlmir və bu qida qədər öz balasını qoruyan ikinci qida mövcud deyil. Bir canlının öz balası üçün hasil etdiyi qidanın başqa canlının balasına verilməsi bioloji fəlakət deyirlər. İndi bu gün biz övladımıza ana südü əvəzinə inək südü, yaxud onun bazasında hazırlanmış süni qida qatışıqları veririksə, günahı kimdə axtarmaq lazımdır?! Günahı insanların özündə axtarmaq lazımdır. Qəribəlik, paradoksallıq da ondan ibarətdir ki, dünyada öz övladını hamıdan çox istəyən ana öz övladına süd verməməklə hamıdan da çox öz övladına qəsd etmiş, pislik etmiş olur”.
Baş pediatr qeyd edib ki, müqəddəs kitabımız Quranda da Bəqərə surəsinin 233-cü ayəsində yazılıb ki, müsəlman ana öz övladına əmizdirməni baş çatdırmaq üçün iki il, yaxud 24 ay ana südü verməlidir: "Çox təəssüf olsun ki, indi bu haldan uzaqlaşan, ona məhəl qoymayan analar da mövcuddur. Mənim onlara məsləhətim budur ki, bu çox təhlükəli yoldan uzaqlaşsınlar. Övladını sağlamlığını, gələcək inkişafını, cəmiyyətdə normal mövqe tutmağını istəyirlərsə, körpələrini ana südü ilə qidalandırmalıdırlar. Bizim xalqımız müdrik xalqdır, görün ana südü ilə bağlı nə qədər deyimlər var. Bir insan çox yaxşı əməl edəndə, deyirlər ki, bu, ona ana südü kimi halaldır. Yaxud ana südünün həyat mənbəyi olduğu bildirilir. "Dədə Qorqud”-da da ana südü, dağ çiçəyi yaralanıb həyatını itirməkdə olan döyüşçünü sağaltmaq üçün məlhəm sayılır. Belə misalları saysız-hesabsız söyləmək olar. Bütün bunları valideynlər nəzərə almalıdırlar, biz valideynlərə güc tətbiq edə bilmərik. Ana dərk etməlidir ki, körpəsini südü ilə qidalandırmırsa, uşağı çox böyük risklər, xəstəliklər qarşısında qoymuş olur”.