Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

həkim-pasiyent münasibətləri gərginləşəcək? - ÖZƏL MÜSAHİBƏAzərbaycanda tibbi sığortanın tətbiqi:

  • 2018.12.27 13:17
  • 25430 Baxış
 həkim-pasiyent münasibətləri gərginləşəcək? - ÖZƏL MÜSAHİBƏ Azərbaycanda tibbi sığortanın tətbiqi:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Sığorta departamentinin rəhbəri Vüqar Qurbanov Medicina.az-a müsahibə verib. 


Departament rəhbəri son günlərin əsas mövzularından olan tibbi sığorta ilə bağlı bəzi sualları cavablandırıb


-Vüqar müəllim, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti özünü nə dərəcədə doğruldub? 


- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən fəaliyyətə başlayıb. Prezidentin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə onun əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” (Agentlik) publik hüquqi şəxs yaradılıb. 2 illik fəaliyyəti dövründə Agentlik bir sıra nailiyyətlər əldə edib. 


Artıq hamıya məlumdur ki, Mingəçevir şəhəri və Yevlax rayonunda 2 ildir, icbari tibbi sığorta (İTS) pilot layihə çərçivəsində uğurla tətbiq edilir. Məhz layihənin nəticələrinin uğurlu olması səbəbindən 2018-ci ildən etibarən pilot layihənin Ağdaş rayonunun inzibati ərazisində də həyata keçirilməsinə dair qərar verilib. Əhalinin tibbi xidmətlərə  əlçatanlığını artırmaq, pilot tibb müəssisələrini İTS sisteminə keçidə hazırlamaq, tibbi xidmətlərin maliyyələşməsində yeni mexanizmlərin tətbiqini sınaqdan keçirmək, səhiyyənin yeni maliyyələşmə sistemini yaratmaq məqsədilə həyata keçirilən bu yenilik nəticəsində bir çox uğurlar əldə olunub. 


İTS-nin tətbiqi ilə bağlı Agentliyin tabeliyinə verilmiş pilot ərazilərdə yerləşən tibb müəssisələrində (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) tibbi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, ilkin səhiyyə xidməti yenidən təşkil olunaraq onun maddi-texniki bazası və infrastrukturu təkmilləşdirilib. Mingəçevir şəhəri üzrə sanitar-epidemioloji tələblərə cavab verən 2, Yevlax rayonunda 5, Ağdaş rayonunda isə 15 ilkin səhiyyə müəssisəsi təşkil olunub. Ağdaş rayonunda həmçinin 46 tibb məntəqəsi də fəaliyyət göstərir. İlkin səhiyyə müəssisələrində ailə həkimləri tərəfindən 18 adda tibbi xidmət göstərilir.


Təcili təxirəsalınmaz tibbi yardım (TTTY) xidmətlərinin səmərəliliyini artırmaq məqsədilə pilot ərazilərdəki Mərkəzi xəstəxanalarda TTTY şöbələri qurulub və qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan "çeşidləmə” ("triaj”) sisteminin tətbiqinə başlanılıb. Tibb müəssisələrinin idarəedilməsi strukturu dəyişdirilib, tibbi təchizat yaxşılaşdırılıb və 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb ki, onlar qanın nəinki ümumi və biokimyəvi, artıq hormonal analizləri də həyata keçirməyə imkan verir. Laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb. Eyni zamanda qeyd edə bilərik ki, Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrindən xəstəxanadaxili bütün göndəriş, tibbi sərfiyyat, dərman təchizatı və həyata keçirilən bütün manipulyasiyaların qeydiyyatı vahid elektron idarəetmə proqramı vasitəsilə həyata keçirilib. Nəticədə müəssisədaxili fəaliyyətin 80%-nin elektronlaşmasına nail olunub. 


Layihənin icrası müddətində pilot ərazilərin əhalisinə Beynəlxalq Millətlər Təşkilatı tərəfindən təsdiqlənən və Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan universal tibbi təminatın verilməsi istiqamətində mühüm addımlar atılıb. Təkcə onu demək kifayətdir ki, 2017-ci ildə layihənin icrası müddətində pilot ərazilərdə sığorta olunanların və bu bölgələrdə rəsmi qeydiyyatda olan məcburi köçkünlərin baza (əsas xidmətlər) zərfi çərçivəsində səhiyyə ilə bağlı birbaşa xərcləri 100 faiz həcmində azalıb. Həmçinin, İTS-nin  başlıca məqsədlərindən olan əhalinin tibbi xidmətlərə əlçatanlığı təmin edilib.


Pilot layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin əsası qoyulub, tibb işçilərinin əmək haqları artırılıb və beynəlxalq təcrübədə geniş vüsət almış adambaşına ödəniş metodu tətbiq edilib.


Agentlik tərəfindən pilot regionlarda aparılan islahatların effektivliyini, əhalinin və pilot ərazilərdəki tibbi müəssisələrində çalışan tibb işçilərinin sistemdən məmnunluğunu qiymətləndirmək məqsədi ilə cari ildə aparılan sorğuların nəticələrinə əsasən deyə bilərik ki, İTS-nin tətbiqindən məmnunluq yüksək səviyyədədir. Belə ki, məmnunluq üzrə göstərici əhali arasında 84%, tibb işçiləri (həkimlər və  orta tibb işçiləri) arasında isə 87% təşkil edir. 


Sorğuların nəticələri onu deməyə əsas verdi ki, İTS-nin tətbiqindən sonra tibbi xidmətləri əldə etmək üçün maddi sıxıntı keçirən respondentlərin sayı kəskin azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında İTS-nin tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin Mingəçevir şəhəri üzrə 59.3%-dən 4%-ə, Yevlax rayonu üzrə 61.8%-dən 3.1%-ə qədər endiyi müşahidə edilib. Respondentlərin maddi sıxıntı keçirməsi hallarının azalmasına səbəb isə pilot regionlarda yaşayan vətəndaşların baza zərfinə daxil olan 1829 adda tibbi xidmətdən ödənişsiz istifadə edə bilməsidir.


-2020-ci ildə ölkə üzrə icbari sığortanın tam tətbiqi mümkün olacaqmı?


-İTS-nin tətbiqi səhiyyənin maliyyələşdirilməsi sisteminin köklü şəkildə dəyişməsini tələb edən islahatdır və ölkə üzrə bu sistemə keçid kompleks tədbirlərin həyata keçirilməsini zəruri edir. Mövcud səhiyyə sisteminin İTS-yə inteqrasiyası üçün xəstəxanaların publik hüquqi şəxsə çevrilməsi, ilkin səhiyyə xidmətinin qurulması, uçot sisteminin və informasiya texnologiyaları infrastrukturunun yaradılmasına ehtiyac var. 


Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında İTS-nin tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 2018-ci il 20 dekabr tarixli Fərmanına əsasən Agentlik 2020-ci ildən etibarən İTS sisteminin ölkə ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərini həyata keçirməlidir. Belə ki, Agentlik İTS-nin məlumat bazasını yaratmalı və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyasını təmin etməlidir. 


"Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İTS fondunun vəsaitinin idarəedilməsini və İTS üzrə sığortaolunan şəxslərə tibbi xidmətlərin həmin fondun vəsaiti hesabına göstərilməsini təmin etmək, 2020-ci ildən etibarən İTS-nin ölkə üzrə tətbiqinə imkan verəcək hazırlıq işlərini görmək, İTS çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflər hazırlamaq sözügedən Fərmana əsasən Agentliyə həvalə olunub. 


Dünya təcrübəsinə nəzər salsaq görərik ki, bir çox ölkələrdə İTS sisteminə keçid mərhələli şəkildə aparılıb. Mərhələli keçid İTS-nin tətbiqi mexanizmlərinin tam işlənməsinə, mövcud səhiyyə sisteminin İTS-yə keçid üçün tam hazırlanmasına, ölkədə fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, vahid elektron sistemə qoşulmasına və s. bu kimi tədbirlərin icrasına zəmin yaradır.


-İcbari tibbi sığorta ilə bağlı ilkin paketə hansı xəstəliklərin müayinə və müalicəsinin daxil edilməsi planlaşdırılır?


- Hazırda İTS-nin baza zərfi kifayət qədər genişdir və bura ümumilikdə 1829 adda tibbi xidmət daxildir. Onlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlər təşkil edir. Həmçinin layihə çərçivəsində 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə də təminat verilir. Ümumilikdə pilot ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) 370 min nəfərdən çox qeydiyyatda olan əhali və məcburi köçkün İTS-nin  baza zərfindən ödənişsiz istifadə edir.


Baza zərfinə daxil olan xidmətlərin siyahısı və onların tarifləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiqlənib. Siyahı Agentliyin rəsmi internet saytında (http://its.gov.az/site/assets/files/1644/tminatlar.pdf) yerləşdirilib. Mövcud baza zərfinin hazırlanması üçün ölümə səbəb olan əsas xəstəliklər, müvəqqəti və ya daimi iş qabiliyyətinin itirilməsinə səbəb olan xəstəliklər üzrə son 5 ilin statistik göstəriciləri təhlil edilib və nəticələrə əsasən müvafiq tibbi xidmətlərin və əməliyyatların baza zərfi üzrə təminatlara daxil edilməsi təmin olunub.


Qeyd edək ki, pilot regionlarda İTS-nin tətbiqi nəticəsində əldə olunan təcrübəyə əsasən növbəti ildə baza zərfinin təkmilləşdirilməsi nəzərdə tutulub. Belə ki bu məqsədlə pilot layihə müddətində vətəndaşların tibb müəssisələrinə müraciətlərinin səbəbləri, əhali arasında  ən çox rast  gəlinən, ölümə və əmək qabiliyyətinin itirilməsinə səbəb olan xəstəliklər haqqında məlumatlar təhlil edilir və nəticələrə uyğun olaraq baza zərfində dəyişikliklərin edilməsi planlaşdırılır.


-Hansı cərrahi əməliyyatların ilkin tibbi sığorta paketinə daxil edilməsi gözlənilir?


- Pilot layihə çərçivəsində sığortaolunanlara müxtəlif sayda müasir və ixtisaslaşmış cərrahi yardım göstərilir. Hazırda baza zərfinə, həmçinin 166 sayda həyati vacib, dəyəri yüksək xidmətlər daxildir. 


Xüsusi olaraq qeyd edilməlidir ki, 2018-ci ilin ilk 9 ayı ərzində Mingəçevir şəhərində və Yevlax rayonunda cərrahi əməliyyatların sayı 2016-cı ilin (Mingəçevir şəhərində və Yevlax rayonunda İTS-nin tətbiq olunmadığı il) eyni dövrü  ilə müqayisədə təxminən 52% artıb. 


2017-ci ilin (Ağdaş rayonunda İTS-nin tətbiq olunmadığı il)  ilk 9 ayı ilə müqayisədə 2018-ci ilin eyni dövrü ərzində Ağdaş rayonunda cərrahi əməliyyatların sayında təxminən 15% artım müşahidə olunub. 


Layihə çərçivəsində sığortaolunanlara aşağıdakı həyati vacib, dəyəri yüksək olan tibbi xidmətlər göstərilir:


Ürək-damar cərrahiyyəsi üzrə - açıq və qapalı ürək əməliyyatları, qapaqların protezləşdirilməsi, aorta-koronar şuntlama (By-pass), aorta disseksiyasının bərpası, anadangəlmə ürək qüsurlarının aradan qaldırılması, balon və stentlərin tətbiq edilməsi ilə angioplastika, endovaskulyar anevrizma müalicəsi, angioqrafiya və s.;


Uroloji əməliyyatlar üzrə - urinar sistem daşlarının laporaskopik litotripsiyası və litotomiyası, endoskopik ureteroselektomiya, pieloplastika, perkutan nefrostomiya, prostat vəzinin qapalı əməliyyatı (TUR) və s.;


Travmatologiya üzrə - oynaqların artoplastikası, sınıqların qapalı reduksiyası, əzələ-bağ aparatında aparılan əməliyyatlar, müxtəlif konstruksiyaların köməyi ilə osteosintez və s.;


Oftalmologiya üzrə - gözün müasir müayinə və diaqnostika metodları, kataraktanın müasir mikrocərrahi üsul ilə müalicəsi və s.; 


Neyrocərrahiyyə üzrə - fəqərəarası disk patologiyalarının bərpası, kraniotomiya ilə hematomanın çıxarılması, anevrizma müalicəsi və s.;


Ümumi cərrahiyyə üzrə - qarın boşluğunda aparılan bir sıra laparoskopik əməliyyatlar.


Hazırlanan baza zərfinə də cərrahi əməliyyatların daxil edilməsi nəzərdə tutulub. 


-İcbari tibbi sığorta xəstələrin müalicə dövründə dərmanla təminatını nəzərdə tuturmu?


- Stasionar şəraitdə müayinə və müalicə tibbi göstəriş və həkim göndərişi əsasında aparılır, bu zaman istifadə olunan dərman, tibbi sərf (xüsusi tibbi sərflər – protez, implant və s. xaric) və gündəlik qidalanma da təminata daxildir. Təcili və təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri də İTS tərəfindən təmin edilir. 


-İcbari tibbi sığorta ilə bağlı ödənişin məbləği barədə yekun qərarın nə zaman qəbul ediləcəyi gözlənilir? Aşağı təminatlı təbəqələr, işsizlər, əlillər kimi sosial qruplara münasibətdə sığorta ödənişi necə tənzimlənəcək?


- Hazırda Milli Məclisdə "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsi müzakirə edilir. 


-Göz xəstəliklərinin müayinə və müalicəsi  icbari tibbi sığorta paketinə daxil olacaqmı? Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialının "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi tabeliyinə verilməməsi bu prosesə necə təsir göstərəcək? 


- Göz xəstəliklərinin müayinə və müalicəsi üzrə tibbi xidmətlərin bir çox hissəsi İTS-nin mövcud baza zərfinə daxildir. Bildiyiniz kimi, göz xəstəliklərinin müayinə və müalicəsi üzrə xidmətlər yalnız Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində və onun Masallı rayon filialında deyil, eyni zamanda respublikanın bir çox şəhər, rayon xəstəxanalarında və poliklinikalarında göstərilir. Əhalinin oftalmoloji xidmətlərə əlçatanlığında çətinlik yaşanmayacaq. Onu da qeyd edək ki, bu Mərkəzlərlə əməkdaşlıq imkanlarına baxılacaq.


-Uşaqların müayinə və müalicəsi icbari tibbi sığorta çərçivəsində necə tənzimlənəcək? Əgər uşaqların müayinə və müalicəsi pulsuz olacaqsa, uşaqların onkoloji xəstəlikləri ilə bağlı məsələlər necə tənzimlənəcək? Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanasının TƏBİB-in tabeliyinə verilməməsi bu prosesə necə təsir göstərəcək?


- Uşaqların müayinə və müalicəsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli "Uşaqların icbari dispanserizasiyası haqqında” Qanunu ilə tənzimlənir. Sözügedən qanunun məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılması, eləcə də uşaqların xəstəliklərdən qorunmasıdır. Bu qanuna əsasən baza zərfi çərçivəsində uşaqların müayinə və müalicəsi üzrə tibbi xidmətlərin göstərilməsi davam edəcək. 


Onkoloji xəstəliklərə gəldikdə, qeyd olunmalıdır ki, qanunvericiliyə əsasən onkoloji xəstəliklərlə bağlı tibbi xidmətlərin göstərilməsi dövlət hesabına, ödənişsiz aparılır.  Dövlət tərəfindən "Onkoloji yardım haqqında” Qanun,  "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, «2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı», Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya qəbul olunub. Bu sahəyə dövlətin dəstəyi böyükdür. Uşaqlar arasında da onkoloji xəstəliklərin müayinə və müalicəsi qeyd olunan proqramlar çərçivəsində göstərilir və göstərilməkdə davam edəcək.

Lepra (cüzam) xəstəliyi hazırda çox az rast gəlinən xəstəliklərdən biridir. Bu xəstəlikdən əziyyət çəkənlərin müayinə və müalicədən kənar qalması müzakirə mövzusu deyil.  Gələcəkdə də bu xəstələrə tibbi xidmətlər eyni qaydada göstəriləcək.  


-İcbari tibbi sığorta həkimlərin maddi durumuna necə təsir edəcək?


- "Pilot layihə çərçivəsində həkimlərin, orta və kiçik tibb işçilərinin (heyətinin) əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi” Qaydalarının təsdiq edilməsi sistemində bir sıra dəyişikliklər olub. Belə ki, həkimlər, orta və kiçik tibb işçiləri vahid tarif cədvəlinə uyğun olaraq əmək haqlarını almaqda davam edirlər. Bununla yanaşı pilot layihə müddətində həkimlərin göstərdikləri tibbi xidmətlər müqabilində əmək haqlarına stimullaşdırıcı əlavələr, orta və kiçik tibbi işçilərinin əmək haqlarına isə sabit əlavələr tətbiq edilib. 


Bundan başqa, həkimlərin pilot layihə çərçivəsində fəaliyyətinin ölçülməsi, dəyərləndirilməsi və normativlərlə bağlı əlavələrin verilməsi məqsədilə onlar tərəfindən göstərilən tibbi xidmətlərə normativlər tətbiq olunur. Normativlər tibb təchizatçılarında çalışan həkimlər tərəfindən göstərilən fəaliyyətin effektivliyinin kəmiyyət baxımından aşağı və yuxarı həddini müəyyən edir. Həkimlər tərəfindən normativlərin aşağı həddini aşaraq göstərilən hər növbəti tibbi xidmətə görə əmək haqlarına normativlərlə bağlı əlavələr tətbiq edilir (mükafat). Normativlərin yuxarı həddini aşaraq göstərilən növbəti tibbi xidmətə görə normativlərlə bağlı əlavələr ödənilmir.


Tibb işçilərinin fəaliyyətlərinin qiymətləndirilməsində tətbiq edilən yeni yanaşma nəticəsində pilot ərazilərdə əmək haqqı fondu ümumilikdə 1.6 dəfə artıb. 2017-ci ildə pilot tibb müəssisələrində çalışan həkimlərin maaşı 3 dəfə, orta tibb işçilərinin əmək haqları 60% artıb.


Tibbi işçilərinin əmək haqlarının hesablanması qaydaları ilə bu linklərə keçid etməklə tanış ola bilərsiniz: 






Həmçinin nəzərinizə çatdırırıq ki, 2018-ci ilin mart ayında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında (Mingəçevir ŞMX) və Yevlax rayon Mərkəzi Xəstəxanasında (Yevlax RMX) çalışan həkimlərin işdən məmnunluğunun və İTS sisteminin tətbiqinə münasibətinin öyrənilməsi məqsədilə sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən onu demək olar ki, 2016-cı ildə Mingəçevir ŞMX-da çalışan həkimlərin 85.3%-i, Yevlax RMX-da isə 82.1%-i 105-300 manat həcmində aylıq məvacib alıb. 2017-сi ildən etibarən İTS-nin tətbiqindən sonra Mingəçevir ŞMX və Yevlax RMX-da fəaliyyət göstərən həkimlərin əmək haqlarına 2 növdən ibarət əlavələrin ödənilməsinə başlanılıb. Bunun nəticəsində Mingəçevir ŞMX-da çalışan həkimlərin 53.1%-nin, Yevlax RMX-da isə 62%-nin aylıq məvacibi 341-540 manat olub. 541 manatdan çox aylıq məvacib alan həkimlərin Mingəçevir ŞMX üzrə göstəricisi 36.9%, Yevlax RMX üzrə 28% təşkil edib. Aldıqları məvacibdən məmnunluq səviyyəsinə gəldikdə Mingəçevir ŞMX üzrə bu göstərici 58.4%, Yevlax RMX üzrə isə 56% qeydə alınıb. Nəticələrdən məlum olur ki, Ağdaş RMX-da çalışan həkimlərin cəmi 17%-i aldıqları məvacibdən razıdır. Qeyd olunmalıdır ki, Ağdaş rayonunda sorğu Prezidentin Ağdaş rayonu üzrə İTS-nin tətbiqi ilə bağlı imzaladığı Fərmandan bir ay sonra keçirilib.


İTS-nin ölkə üzrə tətbiqinə hazırlıq çərçivəsində tibb  işçilərinin fəaliyyətlərinin nəticələrinə görə əmək haqlarının ödənişi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub. 


- İcbari tibbi sığortanın tətbiqi yüksək ixtisaslı həkimlərin özəl xəstəxanalara axının qarşısını ala biləcəkmi?


İTS sisteminin tətbiqi Azərbaycanda həkimlərin layiqli əmək haqqı ilə təmin olunması üçün zəmin yaradır. Əksər xəstəxanalarda hələ də davam edən və həkim-xəstə münasibətlərini gərginləşdirən inzibati məsələlərdən həkimləri uzaqlaşdırmaq məqsədi ilə pilot layihə müddətində xəstəxanaların idarəedilməsi dəyişdirilib, həkimlərin yalnız müalicə işi ilə məşğul olmasına şərait yaradılıb. Tibb müəssisələrində tibbi avadanlıqlarla, dərman vasitələri və tibbi sərfiyyat materialları ilə təminat yaxşılaşdırılıb.  


Tibb müəssisələrinin kadr potensialını gücləndirmək, səhiyyə işçilərinin bilik və bacarıqlarını artırmaq məqsədilə Agentlik həmçinin mütəmadi olaraq təlimlər təşkil edir.


Bütün bu tədbirlər peşəkar həkimlərə olan ehtiyacımızı qarşılamaq və yüksək ixtisaslı həkimlərin özəl xəstəxanalara axının qarşısını almaq məqsədi ilə görülür. 


Aygün Musayeva

Medicina.az