Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda təkcə bir ildə 12min 465 ürək xəstəsi uşaq qeydə alınıb - Uşaq kardioloqu

  • 2021.11.18 17:33
  • 1657 Baxış
Azərbaycanda təkcə bir ildə 12min 465 ürək xəstəsi uşaq qeydə alınıb  - Uşaq kardioloqu

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq kardioloqu Elnur Həsənov hamiləlik dövrü və yenidoğulmuşlarda rast gəlinən ürək qüsurları ilə bağlı açıqlama verib.


" Hazırda anadangəlmə ürək qüsurlarının rast gəlmə tezliyi dünyanın müxtəlif ölkələrində fərqli diapazonlarda dəyişir. Ölkəmizdə bu nisbət hər 1000 doğuşa 7-8 ürək qüsurlu yenidoğulmuş təşkil edir. Əslində bu kiçik populyasiyalar üçün böyük rəqəmlərdir.

Ürək qüsurları bətndaxili inkişafın müxtəlif dövrlərində bir çox faktorların təsiri nəticəsində əmələ gələ bilər. Buna gen, xromosom səviyyəsində olan dəyişikliklər, embriogenezin artıq ürəyin formalaşmağa başladığı dövrünə təsadüf edən pozğunluqları və ya hamiləlik dövründə ana orqanizminə təsir edən xarici faktorlar (dərman qəbulu, alkoqol və ya siqaret istifadəsi, digər zərərli vərdişlər) aiddir.


Ümumilikdə, 2020-ci il ərzində Azərbaycanda 18 yaşına qədər qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən 12 min 465, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları problemi ilə isə 2021 uşaq qeydiyyata alınıb.


Anadangəlmə ürək qüsurları özünü müxtəlif kliniki əlamətlərlə göstərə bilər, bu, ana tərəfindən çox rahatlıqla görülə bilər. Ağır ürək qüsuru ilə doğulmuş uşaqlarda göyərmə, qidalanma çətinliyi, tez yorulma, tez-tez nəfəs alma və döş qəfəsində gözlə görünən ürək döyünməsi sayının çox olması qeyd edilə bilər.


Ürəyində böyük dəlik olan uşaqlarda isə aylarla çəki almama, tez-tez tənəffüs yolları infeksionları, göyərmə və bayılma kimi əlamətlər görülə bilər. Ümumiyyətlə, yenidoğulmuş xəstə qrupunda neonatoloji dəyərləndirmə önəmli yer tutur. Uşaq anadan olduqdan sonra qısa müddət ərzində saturometr vasitəsilə uşaqda qanın oksigenlə doyumluluğu yoxlanıla bilər və bu göstərici də hər hansı bir dəyişikliklərlə uşaqda ürək qüsuru haqqında şübhə yarada bilər. Daha sonra isə pediatr tərəfindən müayinə olunan uşaqlarda hər hansı bir küyün eşidilməsi uşaqda ürək qüsuru olması haqqında təsəvvür yarada bilər və bundan sonra valideynlər planlı şəkildə pediatrik kardioloqa yönləndirilə bilər".