Zaqatalada çağırışa gedən təcili tibbi yardım maşını qəzaya düşüb.
Medicina.az xəbər verir ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün Zaqatala-Muxax-Yuxarı Çardaxlar avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Muxax kənd sakini, Qurban Mahmudovun idarə etdiyi “VAZ-21064” markalı minik avtomobili ilə çağırış yerinə gedən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin “UAZ” markalı avtomobili toqquşub.
Qəza nəticəsində “VAZ-21064” markalı avtomobilin sürücüsü Qurban Mahmudov və təcili tibbi yardım avtomobilində olan tibb bacısı Şəlalə Məmmədova xəsarətlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Xəstəxanadan APA-ya bildirilib ki, yaralıların müayinəsi aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir.