Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının rəhbəri, Botanika İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Xəlil Qasımov 2021-ci il oktyabrın 24-də 79 yaşında vəfat edib.
Medicina.az xəbər verir ki, Xəlil Məmmədəli oğlu Qasımov 28 fevral 1942-ci ildə Bakı şəhərində anadan olmuşdu. O, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini, 1972-ci ildə SSRİ Elmlər Akademiyası Biofizika İnstitutunun əyani aspiranturasını bitirmişdi. "Polien antibiotiklərin təsir mexanizmi" mövzusunda namizədlik, "Lipid membranlarında polien antibiotiklərin işləmə prinsipləri – quruluş və funksiyasının qarşılıqlı təsiri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdi. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdi.
Onun yüksəkixtisaslı kadrların hazırlanmasında ciddi xidmətləri olub. Alimin rəhbərliyi altında 6 fəlsəfə doktoru, 1 elmlər doktoru hazırlanmışdır.
X.Qasımov uzun illər Bakı Dövlət Universitetində, Tibb Universitetində və Bədən Tərbiyəsi Dövlət Akademiyasında Biofizika və Biokimya ixtisası üzrə, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda isə “Molekulyar membranologiya” fənni üzrə magistrantlara mühazirə oxumuşdu.
O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının rəhbəri vəzifəsində çalışırdı. Eyni zamanda, Hüceyrə membranlarının fiziki-kimyəvi xassələri laboratoriyasının baş elmi işçisi idi.
Alim 180 məqalə, 3 monoqrafiya və 7 ixtiranın müəllifi idi.
X.Qasımov hüceyrə membranlarında fəaliyyət göstərən nəqliyyat sistemlərinin biofizikasını və biokimyasını molekulyar səviyyədə tədqiq edən aparıcı alimlərdən biri idi. Onun apardığı elmi-tədqiqat işləri hüceyrə membranlarında mövcud olan nəqliyyat sistemlərinin molekulyar təşkili, qeyri-üzvi və üzvi birləşmələrinin membranlardan seçici yolla nəql edilməsi, ion kanallarının yaradılması və membranlarda onların işləmə prinsiplərinin tədqiqi, membran texnologiyasının nəzəri əsaslarının yaradılması ilə əlaqədar idi. Alim sovetlər birliyində ilk dəfə olaraq membranaktiv polien antibiotiklər sinfini aşkar etmiş və onların membranlara təsiredici mexanizmini molekulyar səviyyədə tədqiq etmişdi.
Alim ayrı-ayrı illərdə AMEA Botanika İnstitutunun Elmi şurasının, bu institutda fəaliyyət göstərən Dissertasiya müdafiəsi şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Rəyasət Heyətinin üzvü olmuşdur. 2003-cü ildən Rusiya EA Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən Membran Şurasının üzvü idi.