Son günlər ölkədə dəhşətli virus yayılıb. Həm uşaqlar, həm də böyüklərin yoluxduğu virusla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilir. İstifadəçilər qripi çox ağır keçirdiklərini, uşaqların hərarətinin isə 38-40 dərəcəyə yüksəldiyini bildirirlər. Lakin hələlik qripin mənşəyi ilə bağlı heç bir məlumat yoxdur. Qonşu ölkələrdə "donuz qripi"nin yayılması isə insanların narahatlığını daha da artırır.
Bəs, əhalini təşvişə salan hansı virusdur? Adi qrip virusu, yoxsa hansısa yeni infeksiyadır?
Məsələ ilə bağlı invaziv ağrı mütəxəssisi, “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov Bakupost.az -a açıqlama verib.
Həkim bildirib ki, hazırki xəstəliyi qrip kimi qiymətləndirməliyik
“Bunun koronavirusun mutasiyalarından biri olması mümkündür. Uşaqlar arasında da geniş yayılıb. Bu, əvvəllər rast gəldiyimiz yoluxmalarla müqayisə olunacaq şəkildə deyil. Həm yayılması, həm ağırlığına görə bir qədər daha yumşaq şəkildə gedir. Sadəcə onu xatırladım ki, əvvəllər də bu viruslar olub. NH1, "donuz qripi" və s. var idi. O zaman çox həssas, həyəcanlı yanaşmırdıq, çünki xalq arasında bunlar adi qrip adı ilə tanınırdı".
Ekspertin sözlərinə görə, koronavirus pandemiyasının dəhşətləri, yaşanan ağır fəsadlar, itkilər və s. insanları bu məsələyə daha həssas yanaşmağa vadar edir:
"Bu cür yanaşmada bir faydanın olduğunu da düşünürəm. Ən azından insanların müəyyən dərəcədə qorunması vacibdir. Çünki bu virus da digərləri kimi hava, damcı yolu ilə keçir. İnsanların yaxın tarixdə öyrəndiklərini tətbiq etmələri çox vacibdir. Xüsusən məsafə, maskalardan istifadə, dezinfeksiya tədbirlərinə diqqət edilməlidir. Hazırkı xəstəlik növbəti qrip ştamının hücumudur. İnşallah, yaxın zamanlarda keçər. İnsanlar profilaktik qaydalara riayət etməli, daha ağır vəziyyətlərdə həkimə müraciət edib, müalicə almalıdırlar”.
Aygün Nəbiyeva