TƏBİB-in təşkilatçılığı ilə ADA Universiteti və ATU Onkoloji Klinikası ilə “Süd vəzisi xərçənginin diaqnostikasında süni intellektin tətbiqi” mövzusuna həsr olunmuş görüş keçirilib.
Görüşdə çıxış edən TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin Strategiya və layihələrin icrasına nəzarət şöbəsinin müdiri, t.e.d Emil İskəndərov Süd vəzisi xərçənginin proqnozunda erkən aşkarlanmanın və bu sahədə beynəlxalq təcrübədə istifadə olunan innovativ üsulların rolunu vurğulayıb.
TƏBİB- in Tibbi fəaliyyətin təşkili departamentinin müdiri Teymur Mirzəbəyli çıxışında süni intellektin diaqnostika ilə yanaşı xəstəliyin müalicə proqramlarında da istifadə oluna biləcəyini qeyd edib.
Görüşdə Strategiya və layihələrin icrasına nəzarət şöbəsinin mütəxəssisi Sevda Civişova layihənin məqsədi və həyata keçirilməsi üçün görüləcək işlər barədə təqdimat edib.
ADA Universitetinin İT Departamentinin dosenti Camaləddin Həsənov süni intellektin səhiyyə sahəsində tətbiqin imkanlarını, bu zaman tələb olunan resursları və gələcək perspektivləri əks etdirən təqdimatla çıxış edib. ATU-nun Onkoloji Klinikasının mammoloq-onkoloqu, dosent Həqiqət Vəliyeva süd vəzisi xərçəngi xəstəliyindən əziyyət çəkənlərin statistikasını və diaqnostikanın təkmilləşdirilməsi istiqamətində süni intellektin praktiki və kliniki əhəmiyyətindən danışıb.
Sonda görüş iştirakçıları layihənin həyata keçirilməsi istiqamətində gələcəkdə görüləcək işləri müzakirə edib.